Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi 2023-cü ildə başa çatacaq

Füzuli, 31 may,  İMZAİNFO
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi 2023-cü ilin iyun ayında başa çatacaq.
İMZAİNFO xəbər verir ki, bu barədə “Kalyon Holding”in Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım bildirib.
O deyib ki, Azərbaycanın erməni işğalından azad edilən bölgələrində mühüm layihələrin həyata keçirilməsi “Kalyon Holding”ə həvalə edilib. Bu layihələrdən biri Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, digəri isə Horadiz-Mincivan-Ağbənd dəmir yoludur. Avtomobil yolu 124 kilometr, dəmir yolu 114 kilometrdir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 kilometrlik yollarla İğdırdan Bakıya birbaşa ən əhəmiyyətli ticarət və turizm yolu olacaq.
“Qarşımıza çıxa biləcək ən əsas problem ərazidəki minaların təmizlənməsidir. Buna görə də ərazinin minalardan təmizlənməsi bizim üçün çox vacibdir. Bu yolun inşası zamanı heç bir işçimizin zərər görməsini istəmirik. Mina təmizlənməsi bitdikdən sonra bütün əməkdaşlarımızla yolun ən tez zamanda bitməsi üçün çalışacağıq”, – N.Yıldırım vurğulayıb.
Paylaş