20 Yanvar – Ümumxalq Hüzn Günü

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının,
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam
edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail
Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və
Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə
yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi
qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi
qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə
bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın
25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi
boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si
SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən
təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak
məhv edilib.
Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq
tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar
şəhidi” vardır

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu
qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “…Azərbaycanda baş vermiş
hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və … hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm
…Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər
görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də
yaranmazdı …Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren
hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının
siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır
və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən
müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda
qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki,
bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib
Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi
əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və
bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının
qarşısında cinayətdir”.

Paylaş