ADA Universiteti ilə Macarıstan Diplomatik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 10 mart, IMZAINFO

Martın 10-da Azərbaycan Respublikasının ADA Universiteti və Macarıstanın Diplomatik Akademiyası arasında diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

IMZAINFO  xəbər verir ki, Anlaşma Memorandumunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.

Bu Anlaşma Memorandumunun imzalanmasından sonra ADA Universitetinin xarici təhsil müəssisələri ilə icrada olan müqavilələrinin sayı 100-ə çatıb.

Memorandumda tərəflər arasında tələbə mübadiləsi, birgə təlimlərin, layihələrin təşkili və akademik əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ADA Universiteti cari il martın 5-də onlayn formatda Belçika Krallığının “EPHEC” Universiteti ilə də Anlaşma Memorandumu imzalayıb. Bu sənəd ADA Universitetinin Belçikada yerləşən təhsil müəssisəsi ilə imzaladığı ilk Memorandumdur. Bu sənəd həm də ADA-nın xarici universitet ilə onlayn formatda imzaladığı ilk memorandumdur.

ADA Universiteti indiyədək ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Fransa, Çin, Yaponiya və digər ölkələrin universitetləri ilə Anlaşma memorandumları imzalayıb.

Paylaş