Adil Əliyev: Prezident İlham Əliyev Cənubi Qafqazın dayanıqlı inkişafını Ermənistan-Azərbaycan sülhündə görür

Bakı, 20 iyun, İMZAİNFO
İyunun 16-da IX Qlobal Bakı Forumunda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda çıxışında Prezident İlham Əliyev əsas diqqəti Cənubi Qafqazda sülh, əməkdaşlıq və inteqrasiya perspektivinə yönəltdi. Onun bu çıxışı Azərbaycanın Cənubi Qafqazın gələcəyinə dair baxışının regionda sülh və inkişafa əsaslandığına dəlalət edir. Prezidentin bu mövzunu hazırda dünyada baş verən ciddi böhranlar, böyük ziddiyyətlər və qarşıdurmalar, qlobal ərzaq çatışmazlığı və enerji qiymətlərinin proqnozlaşdırılmasının çətinliyi kontekstində qabartması Cənubi Qafqaz regionunun önəmini və bu önəmli regionda Azərbaycanın liderlik rolunu nümayiş etdirdi. Eyni zamanda, belə yanaşma builki Bakı Qlobal Forumunun Cənubi Qafqazın nümunəsində dünyada gedən proseslərə və meydana çıxan çağırışlara müharibə və sülh, bölücülük və inteqrasiya, ixtilaf və əməkdaşlıq kimi müqayisəli prizmalardan baxmasını təşviq etdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra Ermənistana sülh təklif edib. Ermənistanın torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamasını nəzərə alsaq, Azərbaycanın müharibə bitən kimi sülh təklif etməsi təqdirəlayiq haldır. Bu, o deməkdir ki, Azərbaycan ərazisinin böyük hissəsini işğal altında saxlayan ölkə ilə müharibədən qalib çıxmasına baxmayaraq, qarşı tərəflə sülhə hazırdır və gələcəyə baxır. Ermənistan və Azərbaycan arasında sülh isə bütün Cənubi Qafqaz regionu üçün yeni imkanlar, əmin-amanlıq və inkişaf vəd edir. Üç Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan müstəqillik əldə etdikdən sonrakı 30 il ərzində Ermənistanın ərazi iddiaları və işğal siyasəti üzündən üçtərəfli formatda əməkdaşlıq və inteqrasiya edə bilməmiş, normal münasibətlər qurulmamışdır. Halbuki Azərbaycan və Gürcüstan ikitərəfli formatda çox yaxın qonşuluq və dostluq münasibətləri qurublar və uzun müddətdir ki, münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da həm Azərbaycanın, həm də Gürcüstanın inkişafına töhfə verib, milli mənafelərinə xidmət edib və təhlükəsizliyini gücləndirib.
“Lakin Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazın potensialının tam gerçəkləşməsinə əngəl olub, bölgə xalqlarının sülh və əmin-amanlığına ciddi təhdidlər yaradıb. Belə siyasət bütün bölgə ilə yanaşı, ilk növbədə Ermənistanın özünə ciddi zərər vurub və onu inkişafdan on illərlə geri atıb. Əgər Ermənistan bu ağır və miskin durumdan, xarici yardımdan asılılıqdan xilas olmaq istəyirsə, sülh prosesinə qoşulmalı, sülhün gətirdiyi imkanlardan istifadə etməli və təcriddən çıxmalıdır. Amma Ermənistan tərəfdən Azərbaycanın sülh çağırışlarına və təşəbbüslərinə cavab olaraq, bəzi müsbət siqnallar olsa da, praktik baxımdan ciddi irəliləyiş yoxdur. Buna görə də IX Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev qarşı tərəfə belə bir ritorik sual ünvanladı ki, “Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir?”. Ermənistan müharibə yolunu seçərsə, bu, onlar üçün fəlakət olacaq. Nə müharibə, nə sülh yolunu seçərək, vaxt uzatmağa çalışsalar və müxtəlif formalarda Qarabağdakı ermənilər üçün status tələb etsələr, bu, Azərbaycan üçün qəbuledilməzdir və Azərbaycanlılar da Qərbi Zəngəzurda özləri üçün status tələb edəcəklər. Beləliklə, sülh yolu həm Ermənistan və Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqaz üçün ən düzgün yoldur. Bu baxımdan Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin Gürcüstanda üçtərəfli görüşünün keçirilməsi regionda sülhə, əməkdaşlığa və inkişafa aparan dialoqun başlanmasına xidmət edər. Azərbaycan və Gürcüstan bu təklifi dəstəkləsə də, Ermənistan hələ imtina edir”, – deyə Milli Məclis sədrinin müavini vurğulayıb.
O deyib ki, Ermənistanın üçtərəfli Cənubi Qafqaz formatından imtinası, onun ATƏT-in Minsk qrupunu yenidən dirçəltmək ümidləri ilə eyni vaxtda baş verir. Amma artıq reallıq Minsk qrupunun mahiyyət etibarilə 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərindən sonra tarixin arxivinə düşdüyünü göstərir. Bunun müqabilində isə sağlam düşüncə Cənubi Qafqazın sülh, inteqrasiya və inkişaf məkanına çevrilməsi prosesinin başlanması üçün Azərbaycan, Ermənistan və Gürcüstanın üçtərəfli formatda dialoq və təmaslarının zəruri olduğunu diktə edir.
Paylaş