Ağdamda Xaçınçay və Ağdamkənd su anbarlarının təmiri planlaşdırılır- 47,6 min hektar sahə suvarma suyu ilə təmin ediləcək

Bakı, 19 yanvar, İMZAİNFO
İşğaldan azad olunmuş Ağdam rayonunda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı istiqamətində görüləcək işlər açıqlanıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bununla əlaqədar  İMZAİNFO-nun sorğusuna cavab olaraq bildirib ki, Ağdam rayonunda meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası çərçivəsində bu il Xaçınçay və Ağdamkənd su anbarları təmir olunacaq. 1964-cü ildə istifadəyə verilmiş, su tutumu 23 milyon kubmetr olan Xaçınçay və 1963-cü ildə tikilmiş, su tutumu 1,6 milyon kubmetr olan Ağdamkənd su anbarlarının bərpası ilə rayonun 2 min hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin ediləcək. Xaçınçay su anbarı Xaçınçay, Ağdamkənd su anbarı isə Qarqarçaydan sugötürən Xanarax kanalı ilə qidalanır.
Bundan başqa, suvarma kanallarının təmir-bərpası istiqamətində bir sıra mühüm işlər icra olunacaq. Buraya uzunluğu 327 kilometr olan I dərəcəli 18 kanalın təmir-bərpası da daxildir.
“Uzunluğu 1416 kilometr olan II və III dərəcəli 602 kanalın təmir-bərpası da planlaşdırılır. Saybalı və Paprəvənd nasos stansiyalarının bərpası nəticəsində 580 hektar sahənin su təminatı yaxşılaşacaq. Eyni zamanda, 2024-cü ilədək 682 ədəd subartezian quyusunun təmir-bərpası və tikintisi də nəzərdə tutulur. Subartezian quyuları ilə 12 min hektar əkin sahəsinin su təminatı, həmçinin əhalinin içməli və məişət-kommunal su təchizatı yaxşılaşacaq. Ümumiyyətlə, işğaldan azad olunmuş Ağdam rayonunda görülən işlər nəticəsində 47,6 min hektar sahə suvarma suyu ilə təmin ediləcək”, – deyə Dilqəm Şərifov əlavə edib.
Paylaş