Astarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib

Astara, 20 yanvar, İMZAİNFO

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan qanlı Yanvar faciəsindən 32 il keçir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusu Bakı şəhərində heç bir xəbərdarlıq etmədən dinc əhalini gülləbaran etdi. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 Yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətin, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyinin, məğrurluğunun nümayişi idi. Yanvarın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib.

  • İMZAİNFO-nun bölgə müxbiri xəbər verir ki, Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri və şəhər sakinləri “Şəhidlər” abidə-kompleksinin önünə əklil və gül dəstələri düzüblər.

Anım tədbirində şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdə qeyd olunub ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin soyuq qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Yaralananlar arasında qadınlar və uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.

Diqqətə çatdırılıb ki, qanlı Yanvar faciəsi törədilən günlərdə ulu öndər Heydər Əliyev heç bir təzyiq və təqibdən çəkinməyərək, özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, bu faciəyə səssiz qalmadı və kəskin bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi, həmin faciədə həlak olan vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.

Qeyd edək ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən ikisi astaralı idi. Bunlar rayonun Balaca Şahağac kənd sakini Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.

Paylaş