Avropa İttifaqının Azərbaycandakı səfiri Gəncə Dövlət Universitetində olub

Gəncə, 7 mart, İMZAİNFO

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” layihəsinin təqdimatı ilə əlaqədar Gəncə Dövlət Universitetində olub.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfir əvvəlcə universitetin foyesində 44 günlük Vətən müharibəsində şəhid olan universitet əməkdaşlarının şəkillərindən ibarət guşəyə baxış keçirib, önünə tər qərənfillər düzüb.

Sonra Nizami Gəncəvi adına iclas zalında layihənin təqdimatı olub. Təqdimat mərasimində universitet rektorunun baş müşaviri Asif Cavadov çıxış edərək qonaqları salamlayıb və respublikanın qərb bölgəsində ən qocaman ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti haqqında ətraflı məlumat verib.

İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov Avropa İttifaqı ilə universitet əməkdaşlığının verdiyi səmərədən danışaraq, belə əməkdaşlıq çərçivəsində əlaqələrin bundan sonra da genişləndirilməsi üçün qarşıda duran vəzifələri, eləcə də arzu və təkliflərini səfirin diqqətinə çatdırıb.

Səfir Gəncə Dövlət Universitetində olmağından məmnunluğunu bildirərək, kiçik və orta biznesin, həmçinin ağıllı şəhər və kənd layihələrinin Azərbaycana böyük səmərə verəcəyini diqqətə çatdırıb və təmsil etdiyi qurumun bu sahədə əməkdaşlığın vacibliyini qeyd edib.

Qonaqlar yaxın vaxtlarda universitetdə açılışı olacaq Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzində görülən işlərlə tanış olublar. Burada səfirə universitetin xatirə hədiyyələri təqdim olunub.

Sonra Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko universitetin 5-ci tədris korpusunda tələbələrlə görüş keçirib.

Paylaş