Azərbaycan dəmiryolçuları Türkiyədəki “Logistrans – 2021” sərgisində iştirak edirlər

İstanbul, 10 noyabr,  İMZAİNFO

Noyabrın 10-da İstanbulda XIV “Logitrans-2021” beynəlxalq nəqliyyat və logistika sərgisi işə başlayıb.

  İMZAİNFO xəbər verir ki, ölkəmiz “Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkətləri olan “ADY Express” və “ADY Container” şirkətlərinin birgə stendləri ilə təmsil olunur. Stenddə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit imkanları və yeni layihələr haqqında məlumatlar ziyarətçilərin diqqətinə çatdırılıb. Azərbaycan Dəmir Yolları QSC-in təmsilçiləri Bakı-Tbilisi-Qars dəmir yolunun üstünlüyü və imkanları, Avropa-Qafqaz-Asiya, “Şimal-Cənub” və ölkəmizin ərazisindən keçən digər Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumat verərək gələcəkdə reallaşdırılacaq daha bir neçə nəqliyyat marşrutları haqqında informasiyaları bölüşüblər. Yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən Türkiyə və digər ölkələrin iri şirkətləri ilə danışıqlar aparılıb. İkitərəfli görüşlərdə Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlardan istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzində olub. Azərbaycan dəmiryolçuları beynəlxalq şirkətlərin nümayəndələrini, yükdaşımalar sahəsində təklif etdikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.

Tədbirdə ümumilikdə 25-dən artıq ölkədən 150-dən çox şirkət təmsilçiləri nəqliyyat sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətləri təqdim edirlər.

Noyabrın 12-dək keçiriləcək sərgi çərçivəsində dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçiriləcək və danışıqlar aparılacaq.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən iki il təxirə salınan sərgi sonuncu dəfə 2019-cu ildə keçirilib ki, o zaman tədbirə 24 ölkədən 150-dən çox iştirakçı şirkət və 15 mindən çox ziyarətçi qatılıb.

Paylaş