Azərbaycanın seysmogeodinamik şəbəkəsinin nəinki regionda, Yaxın Şərq ölkələrində belə analoqu yoxdur

Bakı, 14 may, İMZAİNFO
2003-cü ildən ölkəmizdə yaradılan Seysmik Monitorinq Şəbəkəsi üzrə hazırda 62 stansiya işləyir. 22 seysmik stansiya isə yaxın vaxtlarda sistemə qoşulacaq.
Bu barədə İMZAİNFO-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, innovativ texnologiyalar əsasında yaradılmış seysmoloji və geodinamik monitorinq sisteminin ən böyük üstünlüyü həmin cihazlar vasitəsilə Yerin təkində gedən ən həssas dəyişikliklərin belə qeydə alınmasının mümkünlüyüdür. Həmin titrəyişlər “real vaxt” rejimində şəbəkəyə ötürülür. Məlumatların emalında ən yüksək dəqiqliyə malik “Antlope” proqramının ən son versiyaları tətbiq edilir ki, bu da qısa müddətdə dalğaların yerini, gücünü və vaxtını dəqiq təyin etməyə imkan verir. Həmçinin həmin sistemlə bütün dünyanın seysmik mənzərəsini müşahidə etmək mümkündür. Cihazlar dünyanın bütün ölkələrində olan zəlzələ və təkanları qeydə alır. Yeraltı partlayışlar və texnogen amillərlə bağlı olan partlayışların da həmin sistem vasitəsilə qeydə alınması mümkündür.
Qeyd olunub ki, Azərbaycan ərazisində yaradılmış müasir monitorinq sisteminin əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və həmin sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, seysmotomoqrafik müşahidələr aparılır, su anbarlarının ətrafında geodinamik şərait öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi təqdim edilir. Həmin sistem demək olar ki, seysmik cihazların istifadəsi və onlardan alınan məlumatların emalı prosesində ən innovativ sistemdir və texnika sahəsində ölkələrin əldə etdiyi uğurlardan birdir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri kimi inkişaf etmiş bir çox ölkələrdə belə bu sistem yoxdur və hətta həmin ölkə tərəfindən belə sistemin qurulması üçün Azərbaycan tərəfə müraciətlər var. Yaxın vaxtlarda qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Həmin sistemin qurulmasında əsas məqsəd təkcə texniki baxımdan üstünlük əldə etmək əsas məqsəd deyil. Onun vasitəsilə aparılan tədqiqatların nəticələrinin elmi baxımdan qiymətləndirilməsi aparılır və hər il RSXM alimlərinin beynəlxalq jurnallarda silsilə məqalələri dərc olunur. Həmin məqalələrin bir çoxu “Google Schoolar” və digər beynəlxalq platformalarda yerləşib.
Diqqətə çatdırılıb ki, son 20 il ərzində Azərbaycan seysmoloqlarının xarici ölkələrin mütəxəssisləri ilə geniş əlaqələri yaranıb, ölkəmizdə yeni texnologiyalardan və metodlardan istifadə olunaraq, müasir səviyyədə fundamental tədqiqat işləri aparılıb. Belə ki, ilk dəfə olaraq respublika ərazisinin yer qabığının sürət və sıxlıq modelləri qurulub, zəlzələlərin ocaq mexanizmləri tərtib olunub, palçıq vulkanların kinematik və dinamik parametrləri təyin olunub. Zəlzələlərlə palçıq vulkanları arasında əlaqə müəyyən edilib, neft yataqlarında debitin dəyişməsində zəlzələlərin rolu müəyyənləşdirilib.
ABŞ mütəxəssisləri ilə birlikdə seysmik tomoqrafiya işləri aparılmış dərinlik qırılmalarının aktiv hissələri və gərgin vəziyyətdə olan sahələr müəyyənləşdirilib. Bundan başqa, zəlzələlərin spektral analizləri aparılıb, Mingəçevir və Taxtakörpü su anbarlarının suyun səviyyəsinin dəyişməsinin, ərazinin seysmikliyinə və ekzogen geoloji proseslərinə təsiri öyrənilib, Abşeron yarımadasının və Xəzər dənizinin Azərbaycan hissəsinin seysmotektonikası öyrənilib.
Azərbaycanın seysmogeodinamik şəbəkəsi regionda ən müasir cihazlarla təchiz edilib, real zamanda İKT tətbiqi ilə dünya sisteminə qoşulub və digər ölkələrlə birlikdə məlumatların analizinə imkan yaradıb. Sistemin nəinki regionda, yaxın Şərq ölkələrində belə analoqu yoxdur.
Seysmik stansiya şəbəkəsinin məlumatları əsasında Azərbaycanda ilk dəfə olaraq palçıq vulkanlarının püskürmələrinin fazaları instrumental olaraq qeydə alınıb, püskürmənin hər fazasının müddəti, dərinliyi və ayrılan enerjinin gücü müəyyən olunub. Bu da palçıq vulkanlarının zəlzələlərlə genetik əlaqəsinin olduğunu sübut edib və onun dinamikasının öyrənilməsinə geniş imkan yaradıb.
Vurğulanıb ki, RSXM-in rəqəmsal stansiyalar tərəfindən qeydə alınmış məlumatlar əsasında həcmi dalğaların inversiyası və ikiqat fərq üsullarının istifadəsi ilə lokal seysmotomoqrafiya kompleks metodunun tətbiqi nəticəsində 3D sürət modelləri qurulub və Azərbaycan ərazisinin keçid zonalarında Yer qabığının sürət qeyri-bircinsliyi müəyyən edilib.
2021-ci ildən Böyük Britaniyanın Oksford Universiteti və AMEA nəzdində RSXM arasında əməkdaşlıq çərçivəsində respublika ərazisinin şərq hissəsində paleoseysmik tədqiqatlara başlanılıb. Həmçinin mərkəz Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ departamenti və digər tərəfdaş ölkələrlə birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.
Bildirilib ki, Seysmik monitorinq şəbəkənin genişlənməsi seysmik tədqiqatların keyfiyyətinin yüksəldilməsinə də öz təsirini göstərməkdədir. Mərkəzə dünyanın aparıcı ölkələrinin seysmoloji mərkəzləri tərəfindən birgə əməkdaşlıq və elmi tədqiqatların aparılmasına dair çoxsaylı təkliflər gəlməkdədir. Bütün bunlar isə Azərbaycanda seysmologiya elminin gələcəyi ilə bağlı müsbət və xoş inam yaradır.
Paylaş