Azərbaycanın son uğurları barədə mühazirə Yaponiyanın Hoso Universitetinin professor-tələbə heyəti tərəfindən maraqla qarşılanıb

Tokio, 20 aprel, IMZAINFO

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin ölkəmizin qazandığı son uğurlar barədə mühazirəsi Hoso Universitetinin humanitar elmlər fakültəsinin professor-tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb.

IMZAINFO  xəbər verir ki, onlayn formatda təqdim olunan mühazirədə Azərbaycanın tarixi, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik dövlət kimi fəaliyyəti, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi barədə ətraflı məlumat verilib. Müstəqilliyin ilk illərində böyük çətinliklərlə qarşılaşan gənc respublikanın yalnız 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində dərin böhrandan çıxması xüsusi qeyd edilib. Vurğulanıb ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf yoluna qədəm qoyub və həyata keçirilən beynəlxalq layihələr nəticəsində ölkəmiz güclü dövlətə çevrilib.

G.İsmayılzadə ölkəmizin hazırkı siyasi və iqtisadi vəziyyəti, regionda aparıcı dövlət olmasını xüsusi vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, qeyri-enerji sektorunun inkişafı məqsədilə açılmış texnologiya və sənaye parkları, yeni Bakı Limanı, Ələt İqtisadi Zonası barədə ətraflı məlumat verib. Ölkəmizdə yaradılan əlverişli biznes mühiti və investisiya imkanları barədə geniş bəhs edib.

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının tam nəzarətdə saxlanılması, iqtisadi sabitliyi qorumaq üçün atılan vacib addımlar barədə danışan səfir dövlətimizin başçısının pandemiya zamanı, ilk növbədə, insanların həyatının və sağlamlığının prioritet olduğunu vurğulayıb.

Məruzə zamanı artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri haqqında geniş məlumat verilib. Ermənilərin işğal etdiyi ərazilərdə törətdiyi vəhşiliklərdən danışan diplomat Xocalı soyqırımından da geniş bəhs edib.

Ötən ilin payızında baş vermiş Vətən müharibəsindən danışan G.İsmayılzadə bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri iriçaplı silahlardan intensiv şəkildə atəşə tutub. Nəticədə mülki əhali və hərbi qulluqçular arasında ölən və yaralanan olub, çoxsaylı ev və mülki obyektə ciddi ziyan dəyib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirib. Səfir bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış Bəyanata əsasən, Azərbaycanın 30 ilə yaxın Ermənistan işğalı altında qalan əraziləri azad edilib. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz iradəsi, əsgər və zabitlərimizin şücaəti nəticəsində Azərbaycan Vətən müharibəsində böyük Qələbə qazanaraq, ərazilərini işğaldan azad edib.

İkitərəfli münasibətlərə toxunan səfir Yaponiyanın Azərbaycan üçün Asiya regionunda çox vacib ölkə olduğunu, rəsmi Bakının Tokio ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycan–Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən diplomat xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

İşğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa və quruculuq işlərinə diqqət çəkən G.İsmayılzadə burada iqtisadi inkişafın təmin edilməsi üçün yaxşı biznes imkanlarının yaradılacağını, Azərbaycan ilə Yaponiya arasında bu sahədə də əməkdaşlıq üçün əlverişli şəraitin formalaşacağını vurğulayıb.

Mühazirənin sonunda səfir iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırıb.

Qeyd edək ki, Hoso Universiteti Yaponiyanın aparıcı ali təhsil ocaqlarından biridir və burada dərslərin böyük qismi universitetə məxsus televiziya kanalı vasitəsilə aparılır.

Universitetin nəzdindəki humanitar elmlər fakültəsi, eyni zamanda, beyin mərkəzi kimi fəaliyyət göstərir, onun üzvləri və tədqiqatçıları sırasında siyasətçilər, diplomatlar və KİV nümayəndələri də var.

Mühazirədə bu fakültənin məzunu, 2002-2005-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş Toşiyuki Fucivara da iştirak edib.

Paylaş