Azərbaycanın Xarici İşlər naziri ölkəmizdəki diplomatik korpusun rəhbərləri üçün brifinq keçirib

Bakı, 11 oktyabr, İMZAİNFO

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik korpusun rəhbərləri üçün brifinq keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, brifinqdə nazir Ceyhun Bayramov Ermənistanın oktyabrın 10-dan etibarən humanitar atəşkəslə bağlı Moskva razılaşmasını kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxslərini məqsədli şəkildə atəşə tutması barədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra təmas xəttindən xeyli uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı və bu hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 35 nəfərin yaralandığı diqqətə çatdırılıb.

Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutmasının işğalçı ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymamasının bariz nümunəsi olduğunu vurğulayıb.

Dünya ictimaiyyətini və dövlətlərini beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe sərgiləməyə çağıran Xarici İşlər naziri Ceyhun Bayramov onları işğalçı Ermənistanı beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.

Paylaş