“Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan yenidənqurma işlərinin əsas mərhələsi başa çatıb

Sumqayıt, 13 may, İMZAİNFO
SOCAR-ın Azərbaycanda qeyri-neft sektorunun inkişafında önəmli rola malik “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatıb.
İMZAİNFO xəbər verir ki, görülən işlərlə tanışlıq məqsədilə ölkəmizin bir sıra aparıcı KİV nümayəndələri üçün SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavoduna media-tur təşkil olunub.
Press-tur zamanı işlərin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyi qeyd edilib.
Məlumat verilib ki, əsas mərhələdə bir neçə yeni müasir texnoloji qurğu, avtomatik idarəetmə mərkəzləri, yeni sobalar, tutumlar və anbarlar inşa olunub. Burada, həmçinin istismarda olan bir sıra köhnə qurğular əsaslı şəkildə yenidən qurulub. Yeni və rekonstruksiya olunmuş qurğularda isə avtomatik idarəetmə sistemlərinə keçirilib, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğular təkmilləşdirilib.
Yenidənqurma layihəsinin əsas hissəsinin uğurla tamamlanması ilə yanaşı, “Azərikimya” İB-də müəssisənin dayanıqlı və marjinal istehsalatının təmin olunması məqsədilə bir sıra digər işlər də həyata keçirilir. Belə ki, yenidənqurma layihəsi ilə yanaşı, aparılan və artıq sazlama işləri görülən “Yeni yüksək gərginlikli yarımstansiyanın tikintisi” və mövcud “su soyutma qurğusunun genişləndirilməsi” layihələri də yekun fazadadır və bu qurğuların cari ilin ikinci rübündə istismara verilməsi planlaşdırılır.
Etilen-polietilen zavodunda həyata keçirilən iri layihələrdən biri də Buxar Elektrik Enerjisi İstehsalatında (BEEİ) mövcud qurğuya əlavə yeni buxar turbogenerator qurğusunun quraşdırılmasıdır. Layihənin məqsədi zavodu elektrik enerjisi ilə təmin edən BEEİ enerji effektivliyini və istehsal gücünü artırmaqdır. Bu layihənin cari ilin üçüncü rübündə tamamlanması nəzərdə tutulur.
Zavodda yenidənqurma işlərinə Sumqayıt şəhərindən və ətraf regionlardan təxminən 2 mindən çox əlavə mütəxəssis cəlb olunub. Layihədə çalışan ümumi işçi qüvvəsinin 94 faizi yerli mütəxəssislərdən ibarət olub. Ümumilikdə layihəyə dünyanın təxminən 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilib.
Press-tur zamanı qeyd olunub ki, layihənin uğurlu icrası ölkəmizdə qeyri-neft sektorunun inkişaf perspektivləri nəzərə alınaraq zavodun istismar müddətinin uzadılmasını, həmçinin “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmlərinin iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artmasını, EP-300 istehsalatında bir sıra qurğuların etibarlılığının və səmərəliliyinin yüksəldilməsini, həmçinin “SOCAR Polymer” zavodunun dayanıqlı xammal ilə təchizatını təmin edəcək. Zavodun Buxar Elektrik Enerjisi İstehsalatında mövcud qurğuya əlavə yeni buxar turbogenerator qurğusunun quraşdırılması ilə zavodda elektrik enerjisinin istehsalı iki dəfədən çox artacaq. Beləliklə “Azərikimya” İB enerji tələbatını öz imkanları hesabına tam ödəyəcək, qurğunun istehsal etdiyi izafi elektrik enerjisinin isə şəbəkə üzərindən SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi istehlakçılarına ötürülməsinə imkan yaranacaq.
Paylaş