Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur

Bakı, 22 aprel, İMZAİNFO

AŞPA-nın yaz sessiyası çərçivəsində xroniki və uzunmüddətli xəstəliklərlə mübarizə aparan insanlara qarşı bərabərsizliyin aradan qaldırılmasına dair hesabat müzakirə olunub.

İMZAİNFO  xəbər verir ki, hesabatla bağlı onlayn müzakirələrdə iştirak edən Milli Məclisin deputatı Könül Nurullayeva xroniki və uzunmüddətli xəstəliklərdən əziyyət çəkən insanların əksər hallarda ictimai qınağa məruz qalmasından danışıb. Deputat bu problemi həll etmək üçün sektorlar və qitələr arasında ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Dövlətin səmərəli icra mexanizmləri vasitəsilə hüquqi müdafiənin təmin edilməsində potensial imkanlardan danışan deputat bu sahədə Azərbaycanın da təcrübəsini bölüşüb. Bildirib ki, hələ 2003-cü ildə Azərbaycanda xroniki və uzunmüddətli xəstələrə, o cümlədən şəkərli diabet, hemofiliya və talassemiya, xroniki böyrək çatışmazlığına dair dövlət qayğısını əhatə edən qanunlar qəbul edilib, dövlət dəstək proqramları hazırlanıb. Həmin qanunlar və dövlət proqramları xəstəliklərdən əziyyət çəkən şəxslərin bərabər hüquqlarını bərpa etməklə yanaşı, onların işəgötürülmə hüquqlarını və sosial müdafiəsini də təmin etməkdədir. Bu müstəvidə dövlət tərəfindən talassemiya xəstəliyindən əziyyət çəkən şəxslər üçün tibbi mərkəz yaradılıb, onlara dövlətin iqtisadi və mənəvi qayğısı gücləndirilib, “Talassemiyasız həyat üçün” sosial layihəsinə start verilib.

Azərbaycanda fəaliyyət göstərən QHT-lərin yerlərdə BMT agentlikləri ilə birlikdə xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün müxtəlif ictimai inteqrasiya proqramlarının həyata keçirdiyini bildirən Könül Nurullayeva maarifləndirmə kampaniyalarının aparıldığını da qeyd edib.

Deputat dünya miqyasında xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün iş yerlərinin “Bərabərlik Aktları”na uyğunlaşdırılmasının, sağlamlıq siyasətinin tərtib olunmasının, xəstəlik və müalicədən sonra məhdudiyyətlər əvəzinə, fərdi qabiliyyətlərin üzə çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Paylaş