Azərbaycanın Xarici İşlər naziri ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri arasında telefon danışığı olub

Bakı, 11 oktyabr, İMZAİNFO

Oktyabrın 11-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulması barədə qarşı tərəfi məlumatlandırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib.

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bölgədəki gərginliyin humanitar atəşkəsin əldə olunmasından sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu bildirib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb.

Paylaş