Bakıda “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfrans keçirilib

Bakı, 28 avqust, İMZAİNFO

Avqustun 28-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“İMZA” İB) təşkilatçılığı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfrans keçirilib.

İMZAİNFO xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

“İMZA” İB-nin sədri Xəyyam Əsgərov çıxışında “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Bu tədbirin də Ulu Öndərin çoxşaxəli fəaliyyətinin, uzaqgörən siyasətinin, tarixi xidmətlərinin təbliğinə həsr olunduğu vurğulanıb.

İctimai Birliyin beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə “İMZA” İB-nin Türkiyə təmsilçisi və Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç “Heydər Əliyevin xarici siyasətində türk dünyasının inteqrasiyası və birliyi amili” mövzusunda çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb, əbədiyaşar liderin Azərbaycan dövlətinin qurulması və inkişafı sahəsində əvəzsiz fəaliyyətindən bəhs edib. H.Kılıç Ulu Öndərin siyasi-ideoloji fəaliyyətinin yalnız Azərbaycanla məhdudlaşmadığını, həmçinin ölkə hüdudlarından kənarda, Türk dünyasında dərin izlər buraxdığını və Heydər Əliyevin fəaliyyətində Türk dünyası ilə münasibətlərin mühüm yer tutduğunu qeyd edib.

Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda məruzəsində bütün çətinliklərə baxmayaraq, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirməsinin Ulu Öndərin xalqımızın tarixində ən böyük xidmətlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev bir daha göstərdi ki, bu xalqın dili Azərbaycan dilidir və Azərbaycan dili dövlət dili kimi təsis olunmalıdır.

“Ulu Öndərin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı və ortaq xarici siyasətin formalaşmasındakı tarixi xidmətləri” mövzusunda çıxış edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə-Azərbaycan dostluğunun, iki ölkə arasında sarsılmaz birliyin bu gün daha yüksək səviyyəyə çatdığını diqqətə çatdırıb. O, Türkiyənin hazırda dünya siyasətində çox fəal rol oynadığını və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığını qeyd edib.

Tədbirə onlayn formada qatılan Siyasi Tədqiqatlar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perrin, İtaliya parlamentinin sabiq deputatı Maria Rizzotti, Azərbaycanın Almaniyadakı sabiq fəxri konsulu Otto Hauser, Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze, Fransanın ölkəmizdəki sabiq səfiri Jan Pyer Qinyut, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kosta, Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver, Pakistanın “Bol Media” korporasiyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Ali Savez, israilli siyasi ekspert Mixail Finkel, Avropa Azərbaycanlıları Konqresinin sabiq sədri Başar Kömür, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Mətyu Brayzə, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lambert və UNESCO-nun xoşməramlı səfiri Hedva Ser çıxışlarında ölkəmizdə sosial-iqtisadi sahədə, neft strategiyasında tarixi addımların atılmasında, mühüm islahatların həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıblar. Çıxışlarda bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycanın iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etdiyi diqqətə çatdırılıb, Ulu Öndərin Azərbaycana xarici investisiyaların cəlb olunmasında, xalqın rifah halının yüksəldilməsində misilsiz işlər gördüyü bildirilib. Həmçinin qeyd olunub ki, məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, ölkənin tərəqqisi istiqamətində bir çox yeniliklər, uğurlar əldə edilib.

Milli Məclisin deputatları Mahir Abbaszadə, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Pərvin Kərimzadə, Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina, siyasi elmlər doktoru Elçin Əhmədov və digər qonaqlar tədbirdə çıxışlarında Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim Azərbaycanın tərəqqisi üçün çalışdığını, gələcək nəsillərin taleyi üçün Azərbaycan dövlətini zamanın ağır sınaqlarından uğurla çıxardığını qeyd ediblər. Bildirilib ki, böyük siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutaraq, bu yolda böyük inam və qətiyyətlə irəliləyib. Bu gün Azərbaycan böyük sürətlə zirvələrə doğru irəliləyir. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyev hazırda Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə doğru aparır.

Paylaş