Biz – Azərbaycan yəhudiləri azərbaycanlı qardaşlarımızla birlikdə Vətənimizi müdafiə edəcəyik!

Bakı, 6 oktyabr, İMZAİNFO

Artıq 30 ilə yaxındır ki, Ermənistan silahlı münaqişə törədib və suveren Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal edib. İşğal dövründə ələ keçirilmiş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı belə etnik təmizləmələrdən biridir. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs haqqında müqavilə bağlanıb və danışıqlar prosesi başlanıb. Danışıqlar 26 il davam edib! Bu illər ərzində Ermənistan Azərbaycana qarşı bir neçə dəfə ciddi hərbi təxribatlar törədib, hətta Azərbaycanın yeni ərazilərini ələ keçirməklə hədələyib.

İMZAİNFO xəbər verir ki, bu barədə Azərbaycanın Yəhudi İcmasının müraciətində deyilir: “2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yenidən təxribat törədib, bu təxribat tərəflər arasında növbəti münaqişəyə çevrilib. Azərbaycanın yəhudi icması Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz aktlarını qətiyyətlə pisləyir, dünya birliyini və beynəlxalq təşkilatları qətiyyət nümayiş etdirməyə, Ermənistandan öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağı və BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad olunması haqqında qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır. Bu cür təcavüzlər beynəlxalq hüququ pozur və iki dövlət arasında silahlı münaqişəni daha da kəskinləşdirir.

Cəzasızlıq nəticəsində Ermənistan qısa müddətdə artıq ikinci dəfə Azərbaycana hücum edir, dinc əhalini hədəf seçir, şəhərləri və kəndləri dağıdır. Sonuncu münaqişənin qurbanları arasında dinc sakinlər, o cümlədən uşaqlar da var.

Bu gün Azərbaycanın hər bir vətəndaşı, dini etiqadından və milliyyətindən asılı olmayaraq Ali Baş Komandan, möhtərəm Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir.

Bu müharibələrin gedişində müxtəlif xalqların və etnik qrupların çoxsaylı nümayəndələri zərər çəkib. Onların arasında Vətən uğrunda canlarından keçmiş yəhudilər, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov da var.

Biz, Azərbaycanın çoxminlik yəhudi icması qətiyyətlə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı təxribata və yeni müharibə başlamağa görə cavab verməsinə çağırırıq.

Bizim icma bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna müraciətlə tələb edir ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquqa riayət etməyə – erməni silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa çağırsınlar!

Ermənistan çoxdan başa düşməlidir ki, işğal altında olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Azərbaycanın tarixi torpaqlarıdır və heç vaxt Ermənistana məxsus olmayacaq. Azərbaycanın bütün torpaqları işğaldan azad edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Biz bütün dünya birliyinə müraciətlə Ermənistanın məsuliyyətə cəlb olunmasını xahiş edirik!

Biz həm də dünya yəhudi ictimaiyyətini Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə, beynəlxalq hüququ dəstəkləməyə çağırırıq!

Azərbaycanın çoxminlik yəhudi icması Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması siyasətini bütünlüklə və tamamilə dəstəkləyir.

Biz – Azərbaycan yəhudiləri həmişə Azərbaycan xalqının yanında olmuşuq və olacağıq, azərbaycanlı qardaşlarımızla birlikdə Vətənimizi müdafiə edəcəyik!

Paylaş