Çində “Sinovac”ın peyvəndinin uşaqların COVID-19-a qarşı vaksinasiyasında istifadəsinə icazə verilib

Pekin, 7 iyun, imzainfo

Yeni növ koronavirusa qarı vaksinasiyanın sürətlə davam etdiyi Çində 3-17 yaşlı uşaqların peyvənd olunmasında “Sinovac Biotech” şirkətinin “CoronaVac” vaksinin istifadəsinə icazə verilib.

imzainfo  xəbər verir ki, Çinin müvafiq qurumu uşaqların vaksinasiyası üçün “CoronaVac” peyvəndini fövqəladə istifadəsini təsdiqləyib.

Şirkətin prezidenti İn Veydon bildirib ki, “Sinovac” yetkinlik yaşına çatmayanların COVID-19 virusuna qarşı vaksinasiyası üçün ilin əvvəlindən kliniki sınaqlara başlayıb. Yüzlərlə könüllünün iştirak etdiyi kliniki sınaqların araşdırmaları “CoronaVac” peyvəndinin həmin yaş qrupu üzrə təhlükəsizliyinin böyüklərdəki kimi olduğunu göstərib. Belə ki, “CoronaVac” peyvəndi vurulan yetkinlik yaşına çatmayanların bədənində böyüklərdə olduğu qədər anticisim yaranıb.

İn Veydon əlavə edib ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi ölkə əhalisinin tərkibinə və cari vəziyyətin tələbinə əsaslanaraq, peyvəndin müxtəlif yaş qrupları üzrə düzgün şəkildə istifadəsinə kömək etmək üçün ekspertləri işə cəlb edib.

“Sinovac”ın prezidenti əlavə edib ki, Braziliya və Çili kimi epidemik vəziyyətin ağır olduğu ölkələrdə aparılmış kliniki sınaqlar “CoronaVac” peyvəndinin yaşlı insanların virusa qarşı müdafiəsində müsbət təsir göstərməsini sübut edib.

Qeyd edək ki, iyunun 1-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 virusu əleyhinə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib. “Sinovac” şirkətinin COVID-19 əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

“Sinovac” şirkətinin peyvəndi Çin ilə yanaşı, dünyanın bir çox ölkəsində COVID-19 virusu əleyhinə vaksinasiyada istifadə olunur. Şirkət indiyədək 600 milyon doza “CoronaVac” peyvəndi istehsal edərək, yerli və xarici sifarişçilərə çatdırıb. Şirkət peyvəndə artan tələbatı nəzərə alaraq illik istehsal gücünü 2 milyard dozaya çatdırmaq üçün 3-cü istehsal xəttini istifadəyə verib.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən də istifadə olunur.

Paylaş