Deputat: Azərbaycan gələcəkdə də yüksək nailiyyətlərə imza ataraq, qabaqcıl ölkələr sırasındakı yerini möhkəmləndirəcək

Bakı, 15 yanvar,  İMZAİNFO
Prezident İlham Əliyevin bir neçə gün əvvəl yerli televiziya kanallarına müsahibəsi zamanı jurnalistlərin ölkəmizdə 2021-ci ildə iqtisadi, sosial rifahın yaxşılaşdırılması məsələlərinə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırılması Azərbaycan həqiqətlərinin dünya gündəminə çıxarılması istiqamətində önəmli addım oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə sayəsində çox qısa zamanda düşmənini ağır məğlubiyyətə uğradaraq tarixi ədaləti bərpa etməsi ölkəmizin daxili və xarici siyasətinə də müsbət təsirini göstərdi. Bu Zəfər ölkəmizin iqtisadi gücü və beynəlxalq nüfuzu, eyni zamanda, aparılan müdrik siyasətində qazanıldı.
Bu fikirləri İMZAİNFO-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində diqqətçəkən məqamlara toxundu. Dövlətimizin başçısı Azərbaycanın bütün sektorlarda inkişafın ən yüksək mərhələsinə çatmasını bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Həmçinin Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərindən bəhs etdi. Vurğuladı ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Müharibədən çıxmış bir ölkə üçün iqtisadi artım çox vacib məsələlərdən biridir. Bununla bərabər, qeyri-neft iqtisadiyyatımız da 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün işlər doğru istiqamətdə və plana uyğun gedir. Ölkəmizin ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənaye istehsalı isə 20 faizə yaxın artıb. Bu cür artım dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye sahələrdə artımlar məhz bu rəqəmlərdə öz əksini tapıb.
“Şəhid ailələrinə, müharibə əlillərinə qayğı və diqqət dövlətimizin əsas prioritetləri sırasındadır. Onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dünya miqyasında bu sahədə öz modeli olan ölkələrdən birinə çevrilib. Ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət, qayğı digər dövlətlər üçün nümunə göstərilə bilər. Bu günə qədər həmin kateqoriyadan olan 10 minə yaxın insan mənzillə, 7400 nəfər isə minik avtomobili ilə təmin olunub. Təkcə keçən il 1700 nəfər birinci və ikinci Qarabağ müharibəsində şəhid olanların ailələri, qazilər mənzillə təmin olunublar. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə əlaqədar qeyd olunub ki, 2021-ci ildə bu istiqamətdə çox böyük proqram icra edilməyə başlayıb. Müharibədən çıxmış bir ölkə üçün bu ən geniş miqyaslı proqramdır. Bu proqramı fərqləndirən cəhət odur ki, Azərbaycanın heç bir dövlətin yardımı olmadan öz gücü hesabına bütün işləri həyata keçirir”, – deyə deputat vurğulayıb.
Milli Məclisin deputatı əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə ilkin olaraq minalardan təmizləməklə yanaşı, elektrik təsərrüfatı da yaradıldı, həmçinin yollar tikildi. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ermənistanla həmsərhəd olan bölgələrdə 700 kilometrə yaxın yol inşa edildi. Artıq Bərdə-Ağdam dəmir yolunun və Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıb. Azərbaycanın qazandığı tarixi Zəfərinə beynəlxalq birliyin reaksiyasını ümumən qənaətbəxş qiymətləndirmək olar. 10 noyabr Bəyanatı imzalanandan dərhal sonra müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür. Həmçinin Azərbaycan öz hüquqları çərçivəsində BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktında yeni reallıqlar yaradıb və hamı bununla hesablaşmalıdır. Tam əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin Azərbaycanın uğurlu inkişafı naminə istər hərbi, təhsil, mədəniyyət, infrastruktur, istərsə də digər bütün sahələrdə həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində ölkəmiz gələcəkdə də ən yüksək nailiyyətlərə imza ataraq, qabaqcıl ölkələr sırasındakı yerini möhkəmləndirəcək.
Paylaş