Deputat: Görülən işlər, əldə olunan nəticələr ölkəmizin inkişafının növbəti və yeni mərhələsidir

Bakı, 15 yanvar, İMZAİNFO 
Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı geridə qoyduğumuz 2021-ci ilin yekunları ilə bağlı danışarkən ölkəmizin yüksək iqtisadi inkişaf göstəricilərə malik olmasını qeyd etdi. Azərbaycan Prezidenti iqtisadi artımın 5 faizdən çox olmasını, qeyri-neft iqtisadiyyatımızın 7,2 faiz, ümumi sənaye istehsalının 5 faizdən çox, qeyri-neft sənayesinin 20 faizə yaxın, valyuta ehtiyatlarımızın 2,5 milyard manat artmasını vurğulayaraq dedi ki, bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Dövlətimizin başçısı bunları söyləməklə vətəndaşları postmüharibə dövründə və pandemiya ilə mübarizənin davam etdiyi bir vaxtda inkişafımızın səngiməməsi, əksinə, daha da sürətlənməsi ilə bağlı məlumatlandırdı. Görülən işlər, əldə olunan nəticələr ölkəmizin inkişafının növbəti və yeni mərhələsidir.
Bu sözləri  İMZAİNFO-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
O bildirib ki, Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı idi. İşğaldan azad olunmuş ərazilərdə ötən dövr ərzində infrastruktur layihələri icra edilib və edilməkdədir, bu torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb, kiçik fermer təsərrüfatlarına kömək göstərilir. Azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə gedir, burada hərbi xidmət üçün lazımi şərait yaradılır, elektrik təsərrüfatının qurulması prosesi davam edir, şəhərlərarası yolların inşası və tarixi abidələrin bərpası da sürətlə aparılır. Böyük qayıdış üçün kifayət qədər əhəmiyyətli işlərin görülməsinin şahidiyik. Təbii ki, bütün bunlarla yanaşı sosial və humanitar fəaliyyət də uğurla icra edilir. Dövlətin bu siyasəti ən önəmli işlərdən hesab olunur və hər zaman prioritet istiqamət kimi qəbul edilir. Şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır, onların sosial təminatının yaxşılaşdırılması üçün lazım olan bütün addımlar atılır. Eyni zamanda digər istiqamətlər üzrə də sosial paket uğurla icra edilir.
Deputat vurğulayıb ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsi zamanı diqqət çəkən fikirlərdən biri də onun şəffaflıq, ictimai nəzarət, korrupsiya ilə mübarizə, islahatlar prosesinin davam etdirilməsi kimi ciddi tapşırıqlarını növbəti dəfə ictimaiyyət qarşısında səsləndirməsi oldu.
Şahin İsmayılovun sözlərinə görə, dövlətimizin başçısının “Şuşa İli”ndə ilk müsahibəsi xalqımızı görülən işlər və ümumi mənzərə ilə bağlı məlumatlandırmaqla yanaşı düşmənə bir daha açıq mesajın ötürülməsini də ehtiva edirdi. Birincisi, görülən işlərin və yüksək göstəricilərin əldə olunması düşmənə göz dağıdır. Onlar bilməlidirlər ki, Azərbaycan hər sahədə inkişaf edir. Digər məsələ isə ondan ibarətdir ki, Müzəffər Ali Baş Komandan revanşist qüvvələrin hər zaman layiqli cavab alacaqlarını, ölkəmizdə hərbi quruculuq işlərinin davam etdirildiyini qətiyyətlə vurğuladı.
Paylaş