Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İsraildə müxtəlif tədbirlərdə iştirak edib

Bakı, 20 iyun, İMZAİNFO
İsrailin Rişon Le Sion şəhərində “Nizami Gəncəvinin həyat və yaradıcılığı”, “Əbədi xatirə və ədəbi rüsvay” və “100 ən məşhur yəhudi” kitablarının təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları, şəhər meriyasının, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Komitədən İMZAİNFO-ya bildiriblər ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə aparılan tədbirdə çıxış edən şəhər merinin müavini Mixail Rayf və Ariel Universitetinin rektoru Albert Pinxasov ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrindən, qardaşlaşmış şəhərlərdən, elm və təhsil mübadiləsindən danışıblar, DİDK əməkdaşlarının İsrailə səfərini yüksək qiymətləndiriblər.
Təqdimat zamanı DİDK-nın dəstəyi və “Azİz”in təşəbbüsü ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəviyə, Holokost soyqırımının qurbanlarına və Azərbaycandan İsrailə köçmüş tanınmış yəhudilərə həsr olunmuş, ivrit və rus dillərində çap olunmuş kitablar barədə ətraflı məlumat verilib.
Tədbir DİDK-nın fəaliyyət istiqamətlərindən bəhs edən videohesabatın nümayişi ilə davam edib.
Mərasim iştirakçılarını salamlayan DİDK sədri Fuad Muradov ölkəmizin diaspor siyasətindən, Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tövsiyələri əsasında müəyyənləşdirilən yeni strategiyadan, postmüharibə dövründə işğaldan azad edilmiş Qarabağda aparılan mina təmizlənməsi, bərpa-quruculuq prosesinə dünya azərbaycanlılarının və diaspor təşkilatlarının töhfələr verməsindən söz açıb. Komitənin müxtəlif dillərdə kitabların dərcinə dəstək olduğu, Rişon Le Sionda 3 mühüm kitabın təqdimat mərasiminin keçirilməsinin iki ölkənin mədəni irsinin və tarixi həqiqətlərinin təbliğ olunması, gələcək nəsillərə ötürülməsi baxımından böyük rol oynayacağı diqqətə çatdırılıb.
F.Muradov dost ölkədə Azərbaycan icmasının inkişafına verdikləri töhfələrlə əlaqədar “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş Təl-Əvivdəki Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantova, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Yerusəlim bölməsinin rəhbəri Aleksandr Aqranovskiyə və professor Mixael Aqarunova mükafatlarını təqdim edib.
Sonra “Azİz”in bir neçə yubilyara təbrik məktubu oxunub. Tədbirin bədii hissəsində opera müğənnisi Kameliya İoffe və müğənni Tərlan Əliyevin ifasında Azərbaycan və ivrit dilində musiqi əsərləri səsləndirilib.
“Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Yerusəlim şəhərindəki ofisində isə Yəhudi Agentliyinin Baş katibi, xarici əlaqələr üzrə koordinator Coş Şvarts və beynəlxalq əlaqələr şöbəsinin müdiri, sədrin xarici siyasət müşaviri Yiqal Palmorla görüş keçirilib.
Paylaş