Dövlət Gömrük Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Bakı, 20 iyun, İMZAİNFO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən İMZAİNFO-ya bildirilib ki, iyunun 20-də komitənin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədri Səfər Mehdiyev qəbuldan əvvəl Biləsuvar şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Paylaş