Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb

Bakı, 20 iyun, İMZAİNFO
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Vasif Ağarzayev ilə mentorluq proqramına başlayıb.
Dövlət Vergi Xidmətindən İMZAİNFO-ya verilən məlumata əsasən, DVX-nin rəis müavini İlkin Vəliyev kadr potensialının gücləndirilməsində “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, şəxsi inkişaf təcrübəsi barədə məlumat verib.
Vasif Ağarzayev mentorluq proqramı üçün təşəkkürünü bildirib, qazandığı təcrübənin özünün idarəetmə bacarıqlarının inkişafında əhəmiyyətli olduğunu qeyd edib.
Görüşdə peşəkar vərdişlər, təhliletmə və qərarvermə bacarıqları, idarəetmədə tətbiq edilən müasir yanaşmalar müzakirə olunub, iştirakçını maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı məqsədilə tətbiq edilən mentorluq proqramı İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə bir il müddətində mütəmadi görüşlərin, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.
Paylaş