
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Bak-Quba yolunda aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarədən İMZAİNFO-ya bildirilib ki, hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır.
Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılıb, əks hissədə isə ikitərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülüb, müvafiq nişanlama xətləri çəkilib, müvəqqəti yol nişanları quraşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə həftə sonunda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər həmin avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir.