Ermənistanın hərbi-siyasi hakimiyyəti törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır

Bakı, 26 sentyabr, İMZAİNFO
Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan əvvəllər olduğu kimi, beynəlxalq humanitar hüquq normalarını heçə sayaraq müxtəlif müharibə cinayətləri törətməkdə davam etdi. Həm Birinci Qarabağ müharibəsi, həm də atəşkəs müqaviləsinin qüvvədə olduğu dövrdə Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin və diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb oldu.
Bunu Milli Məclisin deputatı Əminə Ağazadə  İMZAİNFO-ya açıqlamasında deyib.
Deputat bildirib ki, hazırkı şəraitdə Ermənistanın mülki itkilərə səbəb olan hərbi fəaliyyətinin və üsullarının nələrdən ibarət olduğunun müəyyənləşdirilməsi, bu əməllərin hansı hüquq normalarının pozuntusu hesab olunduğu və hansı hüquqi məsuliyyətə yol açdığının təhlil edilməsi vacib məsələdir: “Cinayətkarların ən qısa zamanda mühakimə edilərək cəzalandırılması ancaq müəyyən hüquqi prosedurların ardıcıl həyata keçirilməsi ilə mümkündür. Beynəlxalq hüquq normalarının, xüsusilə də 1968-ci il tarixli “Müharibə cinayətlərinə və bəşəriyyət əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında” Konvensiyanın tələblərinə əsasən, müharibə cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün vaxt məhdudiyyəti müəyyən olunmur. Bu kateqoriyadan olan şəxslər cinayətin törədildiyi vaxtdan asılı olmayaraq mühakimə edilə bilərlər”.
Cinayət məsuliyyətinə cəlb edilmə müddətinin tətbiq olunmamasının müharibə cinayətlərini digər cinayətlərdən fərqləndirən əlamətlərdən biri olduğunu vurğulayan Ə.Ağazadə deyib: “Bu, bizə Birinci Qarabağ müharibəsi zamanı, eyni zamanda, atəşkəs dövründə törətdikləri müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi hakimiyyətini mühakimə etməyə imkan verir. 44 gün davam İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında böyük itkilər verən təcavüzkar Ermənistan beynəlxalq humanitar hüququn demək olar ki, bütün norma və prinsiplərini pozdu və çoxsaylı müharibə cinayətləri törətdi. Bu cinayət əməllərinin bir qismi itki balansının tarazlaşdırılması məqsədilə mülki əhaliyə və mülki obyektlərə yönəlmişdi. Ermənistanın müharibə cinayətləri artıq beynəlxalq qurumlar tərəfindən də təsdiq olunmağa başlanıb. Təkcə “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatı artıq Ermənistanın müharibə cinayəti törətməsi ilə bağlı 11 fakta sahib olduğunu bildirib. Bu faktların həqiqiliyinin kosmik videogörüntülər vasitəsilə təsdiqləndiyi qeyd edilib. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu törədilmiş bütün cinayətlərlə bağlı araşdırmalar aparıldığını və zəruri sənədlərin hazrılanaraq müvafiq orqanlara göndəriləcəyini və cinayətkarların layiqli cəzalarını alması üçün bütün addımların atılacağını bildirib. Ümumilikdə 44 gün davam edən İkinci Qarabağ müharibəsinin tərəflərindən biri olan Ermənistan müharibənin aparılmasına dair beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq çoxsaylı müharibə cinayətləri törətməsidir. Bu müharibə cinayətləri bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu, beynəlxalq hüquqa hörmət etmədiyini göstərir”.
Ə.Ağazadə onu da bildirib ki, bu cinayətlərin törədilməsinə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyəti daşıyır və bu ölkədə hakimiyyətdə təmsil olan şəxslərin məhkəmə qarşısına çıxarılaraq mühakimə olunması təmin edilməlidir: “Beynəlxalq ictimaiyyət bu hüquqazidd əməllərin cəzasız qalmasına imkan verməməli və sadalanan bütün mümkün mexanizmlər vasitəsilə cinayətkarların cəzalandırılması üçün Azərbaycana dəstək nümayiş etdirməlidir”.
Paylaş