Ermənistanın müharibə cinayətləri davam edir

Bakı, 22 aprel, İMZAİNFO

İşğaldan azad olunmuş ərazilərin mina xəritələrinin hələ də Azərbaycana verilməməsi Ermənistanın növbəti hərbi cinayətidir. Ermənistan həm bu, həm də digər cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

İmzainfo xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Deputat Prezident İlham Əliyevin aprelin 20-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərin ölkəmizin və xalqımızın mənafeləri baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Prezident İlham Əliyevin söylədiyi hər bir söz, səsləndirdiyi hər bir fikir bütünlüklə Azərbaycanın mənafelərinə uyğundur və Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda xalqımızın milli maraqlarını prioritet kimi önə çıxarır. O cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışarkən dövlətimizin başçısı yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlərin getdiyini söylədi. Qeyd olunduğu kimi, hazırda Füzuli-Şuşa yolunun tikintisi davam edir. Yaxın gələcəkdə isə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi də artıq başlayıb və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Məhz bu yol Zəngəzur dəhlizinə birləşəcək. Prezident İlham Əliyev xüsusi olaraq Zəngəzur dəhlizi ilə bağlı çox mühüm fikirlər səsləndirdi: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”. Artıq, sadəcə, Azərbaycan xalqı deyil, bütün dünya bilir ki, Azərbaycan Prezidenti verdiyi bütün vədlərə istisnasız əməl edir. Buna görə də tam əminliklə demək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, sadəcə, zaman məsələsidir.”

Ermənistan hökumətinin müharibə cinayətlərindən hələ də əl çəkmədiyini və bunun müqabilində beynəlxalq qurumların heç bir tədbir görməməsinin yolverilməz olduğunu bildirən Səttar Möhbalıyev deyib: “Azərbaycan işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinə artıq start verib. Dövlətimizin başçısı Azərbaycan ictimaiyyətini bu barədə dəfələrlə məlumatlandırıb. Azad edilmiş ərazinin elektrik təchizatının təmin edilməsi istiqamətində işlər böyük intensivliklə həyata keçirilir. Həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. Lakin bütün bu işlərin daha sürətlə həyata keçirilməsi mümkün olsa da, Ermənistanın növbəti müharibə cinayətləri onları icrasını xeyli ləngidir. Məsələ ondadır ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini hələ də Azərbaycana vermir, bundan imtina edir. Halbuki, dövlətimizin başçısı onlarda belə xəritələrin olması barədə dəqiq məlumatı olduğunu deyib. Ermənistan isə bu xəritələri verməməklə növbəti müharibə cinayətini törətmiş olur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə oldu. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər mülki şəxsə də zərər yetirilmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Lakin erməni silahlı birləşmələri hər zaman mülki insanları hədəfə aldılar. Hətta indi – müharibə başa çatandan sonra minalanmış ərazilərin xəritələri verilmədiyi üçün Azərbaycan tərəfdən 100-dən çox mülki vətəndaş yaralanıb və həlak olub. Ermənistan törətdiyi bütün müharibə cinayətlərinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.

Paylaş