Fevralda hərraca çıxarılacaq dövlət əmlaklarına sahib olmaq imkanı var

Bakı, 14 yanvar, İMZAİNFO
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 15-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Xidmətdən İMZAİNFO-ya bildirilib ki, hərrac iştirakçılarının özəlləşdirməyə çıxarılan 24 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 11-i kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.
Bu dəfə də hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət baxımından çoxçeşidlidir. Belə ki, ilkin satış qiyməti 2450 manat və 102 min 500 manat aralığında olan əmlaklar Mingəçevir, Şəmkir, Balakən, Xızı və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.
Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2009-cu illər arasında dəyişir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Paylaş