Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

Bakı, 24 aprel,  İMZAİNFO
Hər il aprelin dördüncü həftəsinin dördüncü günü bütün dünyada “İKT-də Qızlar” günü kimi qeyd edilir. “İKT-də Qızlar” günü Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib. “İKT-də Qızlar” gününün keçirilməsinin məqsədi qızları İKT sahəsinə cəlb etmək, bu sahədə onların rolunun artırılmasına dəstək verməkdir. Bu beynəlxalq gün ənənəvi olaraq ölkəmizdə də geniş qeyd olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  İMZAİNFO-ya bildirilib ki, gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, onları rəqəmsal dünyanın fəal iştirakçısı olmağa cəlb etmək məqsədilə nazirlik tərəfindən hər il “İKT-də Qızlar” beynəlxalq gününə həsr olunmuş tədbirlər təşkil edilir. Bu dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Girls Code Azerbaijan” platforması tərəfindən tələbə qızlar üçün “Proqramlaşdırma: R ilə verilənlərin analizi və vizuallaşdırılması” mövzusunda tədbir təşkil edilib. Tədbirdə R dilinin texnologiyada istifadə yeri və tətbiq üsulları müzakirə olunaraq praktiki nümunələr üzərindən göstərilib. İştirakçıların sualları ətraflı cavablandırılıb.
Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “FemTech” platforması, “AREA” Robotexnika və Mühəndislik Akademiyasının və “Dərs evi” şirkətinin birgə təşkilatçılığı ilə 9-10-cu siniflərin qız şagirdləri üçün “Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçirilib. Tədbirdə “İnsan və robot ünsiyyəti: alternativ dizayn və yeni nəsil yanaşması” və “Müasir dövrdə innovasiya və peşəkar qadın” mövzuları əhatə edilib. Təlimçilər öz nəzəri və praktiki biliklərini iştirakçılarla bölüşüb.





Paylaş