Hərbi Qənimətlər Parkı Azərbaycan dövlətinin və Ordusunun gücünün və qüdrətinin nümayişidir

Bakı, 15 aprel, İMZAİNFO

Prezident İlham Əliyev aprelin 12-də Bakının Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkının açılışını etdi. Dövlətimizin başçısı aprelin 13-də isə ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak etdi. Prezident İlham Əliyev hər iki tədbirdə geniş və məzmunlu nitqi ilə mühüm mesajlar verdi.

Bunu İMZAİNFO-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri vurğulayıb ki, Hərbi Qənimətlər Parkı mahiyyət etibarilə ölkəmiz üçün bir ilkdir və dünyada onun bənzərinin elə də çox olduğu deyilə bilməz. Otuz illik işğaldan sonra qazanılmış tarixi Qələbəni təsdiqləyən Park Azərbaycan dövlətinin və Ordusunun gücünü və qüdrətini nümayiş etdirir. Hərbi Qənimətlər Parkı şəhidlərimizin ruhuna əbədi ehtiramın, dövlətimizin qüdrətinin göstəricisidir.

Deputat bildirib ki, Azərbaycan düşməndən intiqamını xalq-dövlət birliyi ilə döyüş meydanında alıb. Döyüşlər, münaqişə arxada qalıb, tərəflər arasında Birgə Bəyanat imzalanıb, dövlət rəhbərlərinin səlahiyyətli nümayəndələri kommunikasiyaların açılması ilə bağlı müzakirələri müzakirə edirlər. Amma bütün bunların fonunda Ermənistanda revanşist qüvvələr əvəzçıxma çağırışları səsləndirirlər.

Komitə sədri deyib: “Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkında çıxışı zamanı bir daha Vətən müharibəsinin bizim şanlı tariximiz, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman və peşəkar olduğunu vurğuladı. Azərbaycan XXI yüzilliyin müharibəsində nümunə göstərdi. Böyük Qələbəmiz Azərbaycan dövlətinin hərbi gücünün, düzgün taktikasının və uğurlu diplomatiyasının təsdiqidir. Hərbi Qənimətlər Parkı Qələbənin əbədiləşdirilməsinə xidmət edir. Biz gələcək naminə tarixi həqiqətləri bilməli və başımıza gələnləri unutmamalıyıq”.

Deputat bildirib ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda verdiyi mesajlar da son dərəcə mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Cənubi Qafqaza yeni baxışın – tarixə qovuşmuş münaqişədən sonrakı inkişaf və əməkdaşlığın mənasını, mahiyyətini ustadcasına şərh etdi. Azərbaycan Prezidenti dünyanın beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdikləri beynəlxalq konfransda bir daha Azərbaycan həqiqətlərindən danışdı. Dövlətimizin başçısı rəsmi İrəvanın hərbi cinayətkar rejim olduğunu və müharibə zamanı mülki əhaliyə qarşı ağır cinayətlər törətdiyini diqqətə çatdırdı. Beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Rəsmi İrəvanın revanşist niyyətlərindən danışan Prezident İlham Əliyev tarixi həqiqətlərin təhrif edilməsinin yolverilməz olduğunu bildirdi.

“Vətən müharibəsindəki Qələbəmiz ölkənin və bütünlükdə regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Ölkəmiz hər zaman konstruktiv mövqe nümayiş etdirib və beynəlxalq hüququn normaları çərçivəsində çıxış edib. Biz regionda sülhün və əməkdaşlığın tərəfdarıyıq”, – deyə Qənirə Paşayeva qeyd edib.

Paylaş