Hərbi Qənimətlər Parkı – Zəfər simvolumuz və qürur yerimiz

Bakı, 22 aprel,İMZAİNFO

Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tarixinin ən şərəfli səhifəsini yazdı. Bu, qəlbi Vətən və xalq sevgisi ilə döyünən hər bir azərbaycanlıda əbədi qürur hissi yaratdı. Biz bu gün də qalib xalq kimi eyni fəxarətlə tarixi Zəfərimizdən bəhs edir, fərəh və sevincimizi bölüşürük. Çünki hər keçən gün Qələbəmizin miqyasının nə qədər böyük, qürurumuzun nə qədər sonsuz olduğunu bir daha təsdiqləyir.

İMZAİNFO  xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Hərbi Qənimətlər Parkı xalqımızın milli ruhunu və dövlətimizin qüdrətini əks etdirir

Bu günlərdə açılışı olan Hərbi Qənimətlər Parkının böyük mübarizə əzminə malik xalqımızın milli ruhunu, dövlətimizin gücünü və millətimizin həmrəyliyini bir daha nümayiş etdirir. Çünki nadir məkanlardan olan bu Park Azərbaycanın tarixi zəfərinin, işğalçı Ermənistanın isə acınacaqlı məğlubiyyətinin əyani təsdiqidir. Azərbaycan Prezidentinin qətiyyətlə qeyd etdiyi kimi, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.

Hərbi Qənimətlər Parkının yaradılması xalqımızın və dövlətimizin gələcəyi olan gənc nəslin milli ruhda, vətənpərvərlik ideyaları əsasında yetişməsi baxımından da çox əhəmiyyətlidir. Biz Vətən müharibəsində Azərbaycan gəncliyinin xalqa, Vətənə, dövlətə sevgisini, mübarizə əzmini, cəsarətini, şücaətini gördük. Bu, bizdə böyük qürur hissi yaratdı. Biz, eyni zamanda, dövlət tərəfindən atılan addımların nəticəsində vətənpərvərlik ruhunda tərbiyə olunan gəncliyimizin gələcəyinə də güvənirik.

Xalqın iradəsinə zidd mövqe tutmaq düşmənə xidmətdir

Təəssüflər olsun ki, Azərbaycanın qələbəsini əbədiləşdirən Hərbi Qənimətlər Parkının yaradılması ilə bağlı cəmiyyətimizdə narahatlıq keçirənlər, hətta çirkin təbliğat aparanlar da tapıldı. Hətta müxtəlif yollarla xaricdə sığınacaq almış, internet resurslarında qərəzli təbliğat aparan bəziləri “qənimətlər parkı təhqirdir, düşməni aşağılamaq nəyə gərəkdir” deməkdən çəkinmədilər. Bunlar o şəxslərdir ki, vaxtilə Ermənistan Gəncəyə, Bərdəyə raket hücumları təşkil edərkən, dinc insanları qətlə yetirərkən susqunluq nümayiş etdirirdilər. İndi ermənilərin acınacaqlı məğlubiyyətinin göstəricisi olan Parkın yaradılmasını hüznlə qarşılayırlar. Bu, birmənalı olaraq Azərbaycan xalqının iradəsinə, cəmiyyətin həmrəyliyinə zidd mövqe tutmaq, işğalçı, təcavüzkar düşmənə, erməni qatillərinə dəstək ifadə etməkdir. Ona görə də ikrah doğurur və qəbuledilməzdir. Onlar unutmamalıdırlar ki, biz haqlı, güclü və qalibik. Hərbi Qənimətlər Parkı isə bizim zəfər simvolumuz və qürur yerimizdir!

Paylaş