Bakı , 09 iyun , İMZAİNFO
Bu gün 09.06.2022-ci il tarixində Heydər Əliyev adına liseydə “Şuşa İli”nə həsr olunmuş tədbir təşkil olunmuşdur. Şagirdlər mədəniyyət və incəsənət beşiyimiz olan Şuşamıza möhtəşəm qayıdışımızın sevincini öz ifalarında böyük ruh yüksəkliyi və fəxarət hissi ilə nümayiş etdirmiş, dahi Üzeyirin, Xan qızı Natavanın, Vaqifin, Sarı Gəlinin, Xarı Bülbülün və daha başqa Qarabağ incilərimizin obrazlarını yaradaraq zəngin mədəniyyət irsimizi səhnələşdirmişlər.
Tədbirdə liseyimzin direktoru Sevinc Orucova çıxış edərək bunları söyləmişdir:
Əziz qonaqlar, Vətən müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər!
Sizi salamlayıram və həqiqətən də hazırda keçirdiyim hisslərin nə qədər qürurverici və sevincli olduğunu yəqin ki, kəlimələrlə ifadə edə bilmirəm. Bir çox tarixi günlərin, bayramların qeyd olunması ilə bağlı bu zalda görüşmüşük. Amma “Şuşa, Qarabağ, Zəfər, Qalibiyyət” sözlərinin həm uzun illərin niskili, eyni zamanda da sevinci və qüruru kəlmələrə sığa bilmir.
Müzəffər Ali Baş Komandanımızın əzmi, uzaqgörənliyi, şəhidlərimizin qanı, qazilərimizin canı, dəmir yumruq əzmli millətimizin birliyi sayəsində qazandığımız qələbəmiz, mədəniyyət və gözəllik beşiyimiz olan Şuşamıza möhtəşəm qayıdışımız ən böyük fəxarət yerimizdir. 2020-ci il noyabrın 8-də Şuşamızın azad olunması tariximizə “Zəfər Günü”
kimi yazıldı və ölkə başçımızın imzaladığı müvafiq sərəncama əsasən bu il “Şuşa İli” elan edilib. Cənab Prezidentimizin, ölkəmizin Birinci xanımı, I Vitse- Prezident Mehriban xanım Əliyevanın hər Şuşa səfərində o məğrur çıxışları, o qürurverici islahatları tariximizin ən zəngin səhifələridir. Əziz şagirdlər hesab edirəm ki, biz bütün bunların canlı şahidləri olduğumuz üçün dünyanın ən xoşbəxt insanlarıyıq.
Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu il dönümündə Şuşaya səfər edən Ali Baş komandanımız bunları söyləmişdir:
Bu gün mayın 10-da mən mütləq burda olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, dogma torpaqlarımıza qayıtmışıq və burada yaşayacağıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Tədbirdə Təhsil Naziriyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi Əlaqələr şöbəsinin müdiri Pənah İmanov çıxış edərək Ali Baş komandanımızın qələbəyə aparan siyasətindən, şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin, vətən torpağını candan əziz tutmalarından, milli birliyimizdən söz açaraq şagirdlərə öz məsləhətlərini, tövsiyyələrini vermişlər. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının nümayəndəsi Ülvi Abbasov, Təhsil Nazirliyinin təmsilçiləri Anar Mirzəzadə, Tural Hətəmxanov, Toğrul İbrahimov, Xətai rayon İcra Hakimiyyətindən şöbə müdiri, Qarabağ qazisi Anar Məmmədov, Xətai rayon Gənclər İdman İdarəsinin əməkdaşı Elvin Orucov iştirak etmişdir.
Səməd Vurğunun “Vaqif dramı”nı canlandıran şagirdlərin möhtəşəm ifası isə qonaqlarda xüsusi təəssürat yaratmışdır. Bədii hissənin hazırlanmasında və nümayişində liseyin şagirdləri olan “İMZA” könüllüləri yaxından iştirak etmişlər.