Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlarına və könüllülərinə

Bakı , 27 dekabr , İMZAİNFO
Hörmətli RİİB əməkdaşları və könüllüləri,
Əziz dostlar!
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasının 5 illiyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
“Regional İnkişaf” İctimai Birliyi fəaliyyət göstərdiyi 5 il ərzində ölkəmizin sosial həyatının demək olar ki, bütün sahələrində fəal iştirak edib. Ötən müddət ərzində ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, genişmiqyaslı layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. Amma heç şübhəsiz ki, bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır.
“Regional İnkişaf” İctimai Birliyinin təşəbbüslərinə qoşularaq layihələrin icrasında yaxından iştirak edən könüllülərin sayı ildən-ilə artmaqdadır. Könüllülük – xalqımıza xas olan xeyriyyəçilik ənənələrinin davam etdirilməsi deməkdir. Siz bu ənənələrin yaşadılmasının, xalqımızın rifahı naminə təmənnasız işlərin bilavasitə iştirakçılarısınız. Məhz sizin kimi gənclərin sayəsində bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmişdir.
“Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlarını və könüllülərini birləşdirən amillər var. Bu, vətənpərvərlik, mərhəmət, insansevərlik, Azərbaycan xalqına və doğma Vətənimizə xidmət etməkdir. Tariximizin ən şanlı səhifəsini təşkil edən 44 günlük Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimiz uzun illərdir ki, işğal altında qalan torpaqlarımızı azad edərkən siz cəbhəyə dəstək olaraq əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərmiş oldunuz. Şəhid ailələrinin, qazilərimizin yanında olmaqla siz bir daha sübut etdiniz ki, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, köməyə ehtiyacı olanların yanında olmaq kimi yüksək insani keyfiyyətlər Azərbaycan xalqının ən mühüm həyati dəyərləridir. Buna görə insan problemlərinə heç zaman biganə qalmayan RİİB komandasının hər bir üzvünə təşəkkürümü bildirirəm.
Əfsuslar olsun ki, Vətən müharibəsi iştirakçısı olan RİİB könüllüləri arasında da şəhidlərimiz oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman övlad yetişdirmiş analara minnətdarlığımı bildirirəm!
Əziz gənclər!
Bu gün ərazi bütövlüyü bərpa olunmuş ölkəmizin hər bir guşəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə quruculuq işləri aparılmaqdadır. Əminəm ki, “Regional İnkişaf” İctimai Birliyi xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq, Azərbaycanın tərəqqisi naminə aparılan işlərə öz töhfəsini vermək üçün bundan sonra da böyük əzmlə çalışacaqdır. Qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişsə də, əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalacaqdır. Hər birinizə bu şərəfli və məsuliyyətli işdə müvəffəqiyyətlər arzulayıram.
Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı, tükənməz enerji, gözəl əhval-ruhiyyə, sevinc və xoşbəxtlik arzulayıram!
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Heydər Əliyev Fondunun prezidenti
Paylaş