“İMZA” İctimai Birliyinin kollektivi və könüllüləri Horadiz şəhərində şəhid ailələrini ziyarət edib

Bakı, 4 mart, IMZAINFO

“İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbər heyəti, kollektivi və könüllüləri Füzuli rayonu Horadiz şəhərində şəhid ailələrini ziyarət edib.

Bu barədə AZƏRTAC-a İctimai Birliyin beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

Bildirilib ki, əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə “İMZA”nın sədri Xəyyam Əsgərov qeyd edib ki, İctimai Birliyin yaradılmasının məqsədlərindən biri Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı, eyni zamanda, icra etdiyi sosialyönümlü layihələrə dəstək verməkdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında vurğulayır və bütün məmurlara da tövsiyə edir ki, ilk növbədə, Azərbaycan vətəndaşının mənafeyi bizim üçün prioritet təşkil etməlidir. Şəhid ailələri, aztəminatlı insanlarımız, cəmiyyətin sosial cəhətdən həssas olan təbəqəsi daim bu qayğını hiss etməlidirlər. Bu baxımdan “İMZA”çılar da xalqımıza məhz xidmətçi olmağı qarşılarına əsas məqsəd qoyublar. Xeyirxah layihə çərçivəsində reallaşan bu səfərin əsas məqsədi ölkəmizə və xalqımıza müzəffər dövlət və millət olmaq qürurunu yaşatmış şəhidlərimizin ailələrini ziyarət edib, onlara diqqət və qayğı göstərməkdir.

Sonra rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, vaxtilə Azərbaycanın dilbər guşələrindən, inkişaf etmiş bölgələrindən biri sayılan və böyük şairimizin adını daşıyan bu rayonun əhalisi indi doğma torpaqlarının işğaldan qurtulması sevincini və qürurunu yaşayır. Bütün füzulililər 44 günlük Vətən müharibəsi vaxtı dövlətimizin ətrafında bir yumruq kimi birləşib, doğma yurdlarının azadlığı uğrunda böyük səy göstərib, rayonun qəhrəman igidləri döyüşlərdə mərdliklə vuruşublar. Bu gün Füzuli azaddır. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi kimi, Füzuli yenidən dirçələcək, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri statusunu özünə qaytaracaq. Buna həm dövlətimizin, həm də xalqımızın, o cümlədən də bütün füzulililərin iradəsi və əzmi imkan verir. Hətta işğal dönəmində belə Füzuli camaatı bir an da olsun öz doğma yurd yerlərinin mənfur erməni işğalçılarından azad ediləcəyinə inamlarını itirmədilər. Son 27 ildə rayonun işğalda olmayan torpaqlarında qurdular, yaratdılar və yaşadıqları Füzuli torpağını nümunəvi bir məkana çevirdilər.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məhz xeyriyyə aksiyaları sayəsində cəmiyyətimizdə böyük nüfuz qazandığını, bu gözəl nümunənin və təcrübənin Azərbaycanda xeyriyyəçi olmaq istəyən bütün qurumlar üçün əsl örnək təşkil etdiyi diqqətə çatdırılıb.

Sonra Füzuli rayonunun Horadiz şəhərində yerləşən Heydər Əliyev muzeyi ziyarət olunub. Burada Ulu Öndərin həyatı və fəaliyyəti barəsində danışılıb. “İMZA”çılar Ümummilli Liderimizin güclü Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətləri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində Vətən müharibəsində qazanılmış Zəfərimiz ilə bağlı ürək sözlərini muzeyin xatirə kitabına yazıblar. Qeyd olunub ki, dövlətimiz artıq Füzulinin və azad edilmiş digər torpaqlarımızın planlı şəkildə bərpası prosesinə start verib. Bu istiqamətdə ciddi və əhəmiyyətli qərarlar qəbul edilib. Ona görə də Füzulinin tezliklə Azərbaycanın cənnət guşələrindən, gözəl turizm məkanlarından birinə çevriləcəyinə şübhə yoxdur.

Daha sonra “İMZA”çılar səfərin məqsədinin əsas hissəsinə uyğun olaraq 44 günlük qəhrəmanlıq salnaməsinin yaradıcıları, doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş əziz şəhidlərimizin yadigarları olan ailələrini ziyarət ediblər. Görüşlərdə vurğulanıb ki, Azərbaycan xalqı əsrlərboyu dövlət və dövlətçilik ənənəsi yaratmış millətdir. Dövlətimizi var edən, onu qoruyan və bu yolda canından keçən şəhidlərimizin sayəsində bu gün müstəqil Vətənə sahibik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva haqsızlığa qarşı milli mübarizəmizin rəmzi olan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanı, milli mübarizə salnaməsi adlandırıblar. Prezident İlham Əliyev deyib ki, əlbəttə, biz hərbi-texniki təchizat baxımından düşməndən xeyli üstün idik. Amma şəhərlərimizi, kəndlərimizi qəhrəman əsgər və zabitlərimiz misli görünməmiş şücaətləri, dillərə dastan olan igidlikləri ilə azad ediblər. Onlardan bəziləri bu müqəddəs yolda şəhidlik zirvəsinə yüksəliblər. Bu dastan Azərbaycan xalqına dünya şöhrəti qazandırdı. Bizim böyük millət olduğumuzu, əcdadımızın mirası olan zəngin hərbi ənənələrimizin əsasında bu gün müasir, XXI əsrin döyüş aparmaq fəlsəfəsini yaratdığımızı sübut etdi. Bəli, bu yenilik dünya hərb sənətində nümunə və bizim üçün isə qürurla dinlədiyimiz və gördüyümüz tarixi reallıqlardır. Ona görə də bu Zəfər və onun nəticələri Azərbaycan tarixinin şanlı səhifəsi olaraq nəsillərdən nəsillərə ötürüləcək və gələcəkdə hər bir azərbaycanlı tərəfindən böyük fərəh hissləri ilə öyrəniləcək. Heç şübhəsiz ki, işğalçı və faşist dövlət olan Ermənistan üzərində qazanılan bu Qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Azərbaycan Ordusudur. Görüşlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid və qazi ailələrinə diqqət və qayğısından ətraflı bəhs olundu. “İMZA”nın kollektivi də bu fəaliyyəti özü üçün nümunə hesab edir və bundan sonrakı fəaliyyətində məhz bu meyarları əsas götürəcək.

Şəhid ailələrinin problemləri və qayğıları ilə maraqlanan İctimai Birliyin üzvləri onlara sovqat təqdim ediblər.

Sonda şəhid ailələrinin üzvləri Azərbaycan dövlətinin onları hər zaman diqqət və qayğı ilə əhatə etdiyini, problemlərinin həlli üçün lazımi tədbirləri gördüyünü bildiriblər.

Paylaş