Lənkəranda ilk dəfə lavanda bitkisi əkilib

Lənkəran, 12 aprel, Bağır Əliyev,  İMZAİNFO
Kosmetika və əczaçılıq sənayesi üçün qiymətli xammal olan lavanda bitkisinin anqustifolia növü artıq iki ildir Azərbaycanda Qəbələ rayonunun Çuxur Qəbələ kəndində fəaliyyət göstərən yerli fermer təsərrüfatında becərilir.
İMZAİNFO-nun bölgə müxbiri xəbər verir ki, cari təsərrüfat ilində Lənkəran rayonunun İstisu qəsəbəsindəki “Yaşıl çay” fermer təsərrüfatında yerli qara çayın lavanda bitkisi ilə fermentləşdirilmiş qarışığından dadlı və ətirli çay növü alınaraq uğurla sınaqdan keçirilib və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Bitkinin faydalılığı nəzərə alınaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vasitəçiliyi ilə “Yaşıl çay” fermer təsərrüfatı ilə Çuxur Qəbələ kəndindəki fermer təsərrüfatı arasında əməkdaşlıq müqaviləsi bağlanaraq, təsərrüfatda 0,50 hektar sahədə lavandanın anqustifolia növünün sınaq əkini həyata keçirilib.
Sınaq əkininin nəticələrindən asılı olaraq eko-aqro turizmin inkişafı və qarışıq çay növlərinin çeşidinin artırılması məqsədilə yaxın gələcəkdə təsərrüfatda 10 hektardan ibarət lavanda plantasiyasının salınması nəzərdə tutulub.
Paylaş