Magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün 1000-dək bakalavr ərizəsini təsdiqlədib

Bakı, 27 avqust, İMZAİNFO

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 25-də elan olunmuş ixtisaslaşma seçiminə sənəd qəbulu davam edir.

Bakalavrlar müsabiqədə iştirak etmək üçün avqustun 31-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bakalavrlar boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər. Bu günə olan məlumata görə, 939 bakalavr (Azərbaycan bölməsi – 895; rus bölməsi – 44) ərizəsini təsdiqlədib.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (“Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub).

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Paylaş