Maliyyə Tədris Mərkəzində dəyirmi masa keçirilib

Naxçıvan, 13 aprel, İMZAİNFO
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mühasibat uçotunun təşkilinin mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri” adlı dəyirmi masa keçirilib.
Mərkəzdən  İMZAİNFO-nun Naxçıvan bürosuna bildirilib ki, dəyirmi masa ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisaslarında kadr hazırlığı ilə məşğul olan professor-müəllim heyətinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin, Maliyyə Nazirliyinin uyğun şöbələrinin əməkdaşlarının, muxtar respublikada fəaliyyət göstərən büdcə və kommersiya təşkilatlarının maliyyə-mühasibat sahəsində çalışan işçilərinin iştirakı ilə baş tutub. Maliyyə Nazirliyinin iclas zalında keçirilən dəyirmi masanın əsas məqsədi muxtar respublikanın müəssisə və təşkilatlarında mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkili və gələcək inkişaf istiqamətləri, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək “Peşəkar mühasib sertifikasiyası” imtahanına hazırlığın vəziyyətini müzakirə etməkdir.
Tədbirdə çıxış edən mərkəzin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova qeyd edib ki, müasir dövrdə həyata keçirilən iqtisadi və siyasi islahatlar nəticəsində mühasibat uçotunun mahiyyəti və funksiyaları onun yerinə yetirdiyi vəzifələri dəyişib. Mühasibat məlumatları əsasında təhlil, planlaşdırma, nəzarət, tənzimləmə, idarəetmə kimi əhəmiyyətli funksiyaların həyata keçirilməsi mühasibat uçotunun daim təkmilləşdirilməsini tələb edir. Mehriban İmanova dünya praktikasında qəbul edilmiş qaydalara uyğun islahatların aparılmasının Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinə və bu standartları mənimsəyən yeni mütəxəssislərə ehtiyac yarandığını vurğulayıb. Bildirib ki, dünya iqtisadiyyatına inteqrasiya etmək üçün muxtar respublikada uçot sisteminin mövcud beynəlxalq standartların prinsiplərinə uyğun qurulması dövrün ən vacib tələbi olduğundan bu istiqamətdə görülən işlərin sürətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün birlikdə səy göstərmək əhəmiyyətlidir.
Mərkəzin direktoru tədbirdə aparılacaq müzakirə və fikir mübadiləsinin müasir dövrdə mühasibat uçotunun düzgün təşkilinə, mühasiblərin hərtərəfli inkişafına, faydalı təcrübənin öyrənilməsinə mühüm töhfə verəcəyini deyib, iştirakçıları bu müzakirədə fəal iştiraka dəvət edib, onlara uğurlar arzulayıb.
Daha sonra mühasiblərin peşəkar sertifikasiyası prosesinin təşkili, imtahanların keçirilməsi qaydaları ilə bağlı Maliyyə Tədris Mərkəzi tərəfindən hazırlanan maarifləndirici videoçarx nümayiş etdirilib və bukletlər təqdim olunub.
Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadiyyat şəraitində mühasibat uçotunun aktual məsələləri”, “Naxçıvan” Universitetinin müəllimi Elvin Əlimərdanov “Yeni iqtisadi şəraitdə mühasibin qarşısında duran vəzifələr və əsas tələblər”, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanov “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkilinin əsas istiqamətləri”, “Gəmiqaya Taxıl Məhsulları” MMC-nin baş mühasibi Faiq Abdullayev “Sahibkarlıq subyektlərində mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılmasının zəruriliyi” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Paylaş