Masallı və Cəlilabadda ictimai yerlərdə koronavirus xəstələri aşkarlanıb

Masallı, 12 aprel, Bağır Əliyev,  İMZAİNFO
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  İMZAİNFO-nun bölgə müxbirinə verilən məlumata görə, Masallı şəhər sakini İ.Hüseynliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxs şəhər ərazisindəki parklardan birində aşkar edilib və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Cəlilabadda isə şəhər sakini, koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilmiş Ə.Tomarovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Paylaş