Minsk qrupunun fransalı həmsədri humanitar atəşkəsdən sonra da Ermənistanın azərbaycanlı mülki şəxsləri qəsdən atəşə tutduğu barədə məlumatdırılıb

Bakı, 11 oktyabr, imzainfo

Oktyabrın 11-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulduğu barədə qarşı tərəfi məlumatlandırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını, nəticədə mülki insanların həlak olduğu və yaralandığını qarşı tərəfin diqqətinə çatdırıb

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti yaranmış vəziyyətdən təəssüf hissi keçirdiyini bildirib, atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəfləri əldə olunmuş Moskva razılaşmasının şərtlərinə riayət etməyə çağıran fransalı həmsədr ən qısa zamanda tərəflərin siyasi dialoqa qayıtması üçün təkliflərlə çıxış edəcəklərini bildirib.

Paylaş