Misir qəzeti Ramazan ayında azərbaycanlıların iftar süfrəsindən yazıb

Qahirə, 19 aprel,  İMZAİNFO
Misirin “Əxbar Əl Yom” qəzetində müqəddəs Ramazan ayında azərbaycanlıların iftar süfrəsindən bəhs edən məqalə dərc olunub.
İMZAİNFO xəbər verir ki, jurnalist Fatima Bədəvinin müəllifi olduğu yazıda Azərbaycan dövlətinin və xalqının Ramazan ayında ibadətləri tolerantlıq prinsipinə, yüksək mənəvi dəyərlərə və adət-ənənələrə uyğun keçirdiyini qeyd edilib. Müəllif yazır ki, bu müqəddəs ayda azərbaycanlılar toy məclisləri təşkil etmir, doğmalarını ziyarət edir və Azərbaycan mətbəxinin ləziz təamları ilə zəngin iftar süfrələri açırlar. Xörəklərdən ən populyarları isə plov və dolmadır. Bundan başqa, balıq yeməkləri və Azərbaycanın zəngin kulinariyasına daxil olan şirniyyatlar da süfrələri bəzəyir.
Məqalədə diqqətə çatdırılır ki, Ramazan ayında Azərbaycan xalqı qonaqpərvərlik, bir-biri ilə ünsiyyət və kasıblara əl tutmaq keyfiyyətləri ilə seçilir. Ailələrdə yeməkləri hər an qonaq olacağı ehtimalı ilə bol bişirirlər. Azərbaycanlılar çalışırlar ki, qonşunun da süfrəsi öz təamları ilə eyni olsun. Müqəddəs ay ərzində xoş niyyət və arzularını nümayiş etdirən Azərbaycan xalqı xeyriyyə tədbirləri də təşkil edir, imkansız ailələrə ərzaq yardımı göstərilir.
Paylaş