Moldovanın xəbər portalı Azərbaycan XİN-in 20 Yanvar faciəsinə dair bəyanatını yayıb

Kişineu, 20 yanvar,  İMZAİNFO
Moldovanın nüfuzlu “Tribuna” xəbər portalı 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatına dair məqalə dərc edib.
İMZAİNFO xəbər verir ki, rumın və rus dillərində dərc edilən məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi və 744 nəfərin ağır xəsarət aldığı diqqətə çatdırılıb.
Məlumat verilib ki, faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib.
Bəyanatda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin edib və hazırda, müstəqilliyinin bərpa edilməsinin 31-ci ilini yaşayan Azərbaycan Respublikası dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvüdür.
Paylaş