Niderland telekanalında Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edilib

Bakı, 1 iyun, İMZAİNFO
Niderlandda fəaliyyət göstərən “Life24” TV-nin “Can Azərbaycan” proqramının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümünə həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən İMZAİNFO-ya bildirilib ki, proqramın aparıcısı Kəmalə Ceylinovanın qonaqları Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova və Real TV-nin Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızı olub. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri olan xanımlar 104 il öncə müsəlman dünyasında ilk dünyəvi, demokratik respublikanın məhz Azərbaycanda qurulmasını böyük tarixi hadisə adlandırıblar. Bu münasibətlə dünya azərbaycanlılarına və xalqımıza təbriklərini ünvanlayan qonaqlar mədəniyyət paytaxtımız Şuşada keçirilmiş V Qurultayla bağlı təəssüratlarını bölüşüblər, mötəbər tədbirdə müəyyənləşdirilən strategiyaya diqqəti cəlb ediblər.
Qeyd edək ki, “Life24” TV Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynayır. “Can Azərbaycan” proqramının aparıcılığına “Beynəlxalq Azərbaycanlı Qadınlar Klubu”nun rəhbəri və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Kəmalə Ceylinovanın dəvət olunması Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığına bariz nümunədir.
Paylaş