Ombudsman təsisatının 20 illiyi münasibətilə yubiley medalı təsis ediləcək

Bakı, 20 iyun, İMZAİNFO

İyunun 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən İMZAİNFO-ya bildirilib ki, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.

Komitə sədri bildirib ki, gündəliyə 12 məsələ daxil edilib. İlk 7 məsələ üçüncü oxunuşda olan qanun layihələridir və bu qanun layihələri əvvəlki oxunuşlarda kifayət qədər geniş müzakirə edilib. Sənədlərin üçüncü oxunuşu ilə bağlı heç bir irad və təklif bildirilmədiyi üçün komitə qanun layihələrini səsə qoyub. Beləliklə ilk 7 məsələ – İnzibati Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib.

Bildirilib ki, bu yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə fərqlənən Azərbaycan vətəndaşları, həmçinin xarici və beynəlxalq qurumların nümayəndələri təltif edilirlər.

Onlayn iclasda bu qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Sonra komitə sədri cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olmuş növbəti 4 məsələni təqdim edib. Bildirib ki, müzakirəyə təqdim olunan 9-12-ci məsələlər – Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixi 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi və “Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşdan keçməlidir.

Belə ki, qanun layihələrində mətn boyu “şikəst olmuş”, “kəmağıllıq”, “şikəstetmə və ya səhhəti zədələmə”, “bədən qüsuru”, “nitq qüsuru”, “kar”, “kor”, “əqli cəhətdən geri qalanlar” kimi anlayışlar müvafiq olaraq “əlilliyi müəyyən edilmiş”, “əqli gerilik”, “xəsarət yetirmə və ya sağlamlığı başqa şəkildə pozma”, “fiziki çatışmazlıq”, “nitq pozuntusu”, “eşitmə qabiliyyəti tam məhdud olanlar”, “görmə qabiliyyəti tam məhdud olanlar”, “əqli geriliyi olanlar” sözləri ilə əvəzlənib.

Bu dörd qanun layihəsi də baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Sonra iclasda ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olan gündəliyin son 4 məsələsi – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi (birinci oxunuş), “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) də müzakirə edilərək baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Qanun layihələrinin müzakirələrində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Tahir Kərimli, Azay Quliyev çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Bununla da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası başa çatıb.

İclasda deputatlar Fəzail Ağamalı, Əminə Ağazadə, Vüqar İskəndərov, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Nurlan Həsənov, Madər Musayev, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş