Ombudsman: Uşaq hüquqlarının təmini istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür

Bakı, 14 yanvar,  İMZAİNFO
Yanvarın 14-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayımlanan uşaqlara qarşı zorakılıq halları ilə bağlı açıqlama yayıb.
Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən İMZAİNFO-ya məlumat verilib. Açıqlamada deyilir: “Son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq hallarının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq bizi ciddi narahat edir.
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan bu kimi hallar və zorakılıq əməllərinə hüquqi qiymət verilməsi tərəfimizdən daim nəzarətdə saxlanılır.
Qeyd edək ki, Milli Preventiv Mexanizmin funksiyalarının icrası məqsədilə həyata keçirilən fəaliyyət çərçivəsində tərəfimizdən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən uşaqların saxlandığı müəssisələrə daim başçəkmələr həyata keçirilir və onların hüquqlarının təmini istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.
Hər bir şəxs, o cümlədən uşaqlarla işləyən şəxslər uşaqların beynəlxalq sənədlərdə və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquq və maraqlarını müdafiə etməli, onlara qarşı kobud rəftar və zorakılığa yol verməməlidir.
Uşaqlara qarşı zorakılığın bütün formalarını şiddətlə qınayır, müvafiq qurumları belə halların qarşısının alınması üçün səylərini birləşdirməyə və zəruri tədbirlər görməyə səsləyirik”.
Paylaş