Özünüməşğulluq proqramına cəlb edilmiş ailələr maarifləndirilirlər

Naxçıvan, 22 fevral, İMZAİNFO
Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Baytarlıq Xidmətinin və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə növbəti görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlər diqqətə çatdırılıb.
Tədbirdə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Özünüməşğulluq proqramına cəlb olunan sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, verilən aktivlərdən daha səmərəli istifadə etməyə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada sosial qayğıya ehtiyacı olan аilələrin аktiv əməyə cəlb еdilməsi, məşğulluğunun təmin оlunmаsı daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın regionlarında özünüməşğulluq fəaliyyətinin təşkili yeni ailə təsərrüfatlarının yaranmasına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına imkan verir. Görülən bu işlərə paralel olaraq, verilən aktivlərdən səmərəli və düzgün istifadənin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir, maarifləndirici tədbirlər keçirilir.
Paylaş