Politoloq: Bütün dünyada Qlobal Bakı Forumuna böyük maraq göstərilir

Bakı, 20 iyun, İMZAİNFO
Dünyada siyasi gündəlikdə olan məsələlərin müzakirə baxımından IX Qlobal Bakı Forumunun mühüm əhəmiyyəti var. Bu gün dünyada bir sıra qlobal əhəmiyyətli problemlər mövcuddur. Qlobal təhlükəsizlik quruculuğunun yenidən nəzərdən keçirilməsi və sülh perspektivlərinin müzakirəsi nöqteyi-nəzərindən Bakıda keçirilən Forumun əvəzsiz rolu hiss olunmaqdadır. Buna görə də bütün dünyada Qlobal Bakı Forumuna böyük maraq göstərilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
O qeyd edib ki, hazırkı dövrdə enerji təhlükəsizliyinə dair təhdidlər, Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma, qlobal sağlamlığın təşviqi, Cənubi Qafqazda barış, əməkdaşlıq və inteqrasiya, dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi, Yaxın Şərq və ərəb dünyasında sülh, sabitlik və inkişaf axtarışları, qloballaşma və artan bərabərsizlik, insan hüquqları, demokratiya və XXI əsrdə yeni çağırışlar, ərzaq təhlükəsizliyi, dünyada aclıq və yoxsulluq problemləri və digər fundamental təhdidlər hamını narahat edir. Bu baxımdan Bakıda 9-cu dəfə keçirilən Qlobal Forumu Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı ilə müqayisə etmək olar. Lakin qeyd edək ki, Davos İqtisadi Forumu və Münhenin Təhlükəsizlik Konfransı müvafiq olaraq iqtisadi və təhlükəsizlik məsələlərini əhatə etdirsə, Bakı Qlobal Forumu siyasi, qlobal və universal xarakter daşıyır, həmçinin beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri gündəmdə saxlayır.
“Forumun gündəliyinin geniş olması ilə yanaşı, iştirakçıların yüksək statusu da diqqətlə nəzərə alınmalıdır. Belə ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. Görüşdə dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirilib. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri hər zaman beynəlxalq hüququ və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyiblər. 44 günlük Vətən müharibəsi dövründə də bu dəstək nümayiş etdirilib”, – deyə politoloq vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın qazandığı təcrübə, keçdiyi uğurlu yol, torpaqlarını işğaldan azad etməsi və hazırda Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik olması siyasi mütəxəssisləri və ekspertləri yaxından maraqlandırır. Qeyd edək ki, hazırda forumda dünyada mövcud olan ən aktual məsələlər fəal müzakirə olunur, eyni zamanda, problemlərdən çıxış yolları axtarılır. Həmçinin dünyada böyük nüfuza malik olan şəxslərin müxtəlif təklif və tövsiyələrlə çıxış etməsi də müşahidə olunur. Belə ki, forumda dəyərli təklifləri dinləmək və icra etmək üçün yaxşı imkanlar formalaşdırılır. Son dövrlər Bakı ilə yanaşı, mədəniyyət paytaxtımız Şuşa da beynəlxalq diskussiya platformasına çevrilib. Xüsusilə qeyd etmək lazımdır ki, Albaniya, Bolqarıstan, Gürcüstan və çoxsaylı ölkələrin keçmiş başçılarının, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. fəaliyyətdə olan rəhbərlərinin iştirakı onu göstərir ki, IX Qlobal Bakı Forumuna maraq çox böyükdür və dünyanın böyük transformasiyaya qədəm qoyduğu bir dövrdə Azərbaycanda qlobal əhəmiyyətli məsələlər müzakirə edilir.
Paylaş