Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu yenidən qurulur

Bakı, 9 iyun,  İMZAİNFO

Qusar rayonunda 4 yaşayış məntəqəsinin – Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  İMZAİNFO-ya verilən məlumata görə, hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilərək 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Sözügedən yolboyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Layihə çərçivəsində əks-dolğu və kipləşdirmə işləri həyata keçirilir. Həmçinin tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə yol əsasının alt və üst layının inşası işləri görülür. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Asfaltlanma işlərinin 75 min kvadratmetr sahədə aparılması nəzərdə tutulur.

Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minədək əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdıracaq.

Paylaş