Rektor: Ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVID 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər

Bakı, 27 avqust, İMZAİNFO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi “Facebook” səhifəsində distant ali təhsillə bağlı paylaşım edib.

İMZAİNFO xəbər verir ki, rektor yeni tədris ilində dərslərin ənənəvi formada bərpasının pandemiyaya yoluxma sayını artıra biləcəyini qeyd edib. O, bütün hallarda dərslərin distant tədrisinin qaçılmaz olduğunu və bununla bağlı keyfiyyətli modelin qurulmasının zəruriliyini vurğulayıb.

Paylaşımda bildirilib: “UNEC mütəxəssisləri dərslərin ənənəvi formada bərpasının COVID-19 pandemiyasına təsirini qiymətləndirməyə çalışmışlar. Qiymətləndirmənin nəticəsi ondan ibarətdir ki, təkcə ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVID 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər.

Bütün hallarda, distant təhsilin tətbiqi artıq qaçılmaz görünür. Bu yenilik əvvəllər hətta müzakirə olunmayan bir məsələni, distant təhsilin keyfiyyəti məsələsini daha da aktuallaşdırmaqla gündəmə gəlib. Təhsillə bağlı yaranmış yeni mühitdə ölkəmizdə dünyanın aparıcı universitetlərilə rəqabət apara biləcək distant təhsil modelinin qurulmasının zəruriliyini və hətta mümkünlüyünü nəzərə alaraq düşünürük ki, distant təhsilin keyfiyyəti məsələsinin daha aktual, daha vacib olmasının nəzərə alınması təhsilin gələcəyi baxımından faydalı olar”.

Paylaş