Rusiyada keçirilən beynəlxalq konfransda əmək mübahisələri və onların həlli yolları diqqət mərkəzində olub

Bakı, 1 oktyabr,  İMZAİNFO

Rusiyanın Sankt-Peterburq şəhərində onlayn formatda “Rusiyada və dünyada sosial-əmək mübahisələri” adlı VI Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətindən  İMZAİNFO-ya bildiriblər ki, tədbirdə çıxış edənlər əmək mübahisələri, onların həlli yolları, bu məqsədlə ölkələrin həmkarlar ittifaqları arasında təcrübə mübadiləsinin aparılması, əlaqələrin genişləndirilməsi, normativ-hüquqi aktların müasir əmək şəraitinə uyğunlaşdırılması və bu mövzuda digər vacib məsələlərdən danışıblar.

Konfransa onlayn qaydada qoşulan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) vitse-prezidenti, BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev çıxışında IV Sənaye İnqilabının başlaması şəraitində qaldırılan məsələnin ölkələrimiz üçün çox aktual olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan rəqabətədavamlı iqtisadiyyatına görə dünyanın 25 ölkəsi sırasındadır, əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir, əməkhaqları və pensiyalar hər il artırılır. AHİK sədri ölkədə sosial və əmək münasibətlərinin tənzimlənməsi prosesində həmkarlar ittifaqlarının xüsusi yer tutduğunu vurğulayıb.

Bildirib ki, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmkarlar ittifaqı təşkilatları və onların üzvləri həm işçilər, həm də işəgötürənlər arasında müxtəlif səbəblərdən yaranan həm fərdi, həm də kollektiv əmək mübahisələrini həll edir, həmçinin bu məsələnin həlli mövzusu və qaydası Azərbaycanın Əmək Məcəlləsi ilə tənzimlənir . Bu hüquqi standartlar bütün işəgötürənlər və onların birlikləri, müvafiq icra hakimiyyəti orqanları, əmək kollektivləri və həmkarlar ittifaqları təşkilatları üçün məcburidir.

S.Möhbalıyev, həmçinin qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin işçiləri də tətil hüququndan istifadə edirlər. Onların bir çoxunun kollektivləri yerli həmkarlar ittifaqı təşkilatlarının qurulmasına, bəzi sosial, əmək və iqtisadi hüquqlarının həyata keçirilməsinə nail olublar.

“Həmkarlar ittifaqları işəgötürənlərin və dövlət orqanlarının sosial tərəfdaşına çevrilməlidir”, – deyən AHİK sədri əlavə edib ki, sosial tərəfdaşlıq əmək mübahisələrini tənzimləyən ən səmərəli mexanizmdir. O, bu çərçivədə aparılan əmək münasibətlərinin monitorinq və risk problemlərini vaxtında müəyyən etməyə, onları qanun çərçivəsində, balanslaşdırılmış şəkildə, vaxtında həll etməyə imkan verdiyini vurğulayıb. S.Möhbalıyev, həmçinin əmək mübahisələrinin tənzimlənməsi sahəsində Azərbaycan həmkarlar ittifaqlarının tətbiq etdiyi yeniliklər və qaydalar haqqında məlumat verib.

Paylaş