Sabitlik, güclü iqtisadiyyat və inkişaf

Şərur rayonunun Çərçiboğan kəndində kompleks quruculuq işləri görülüb

Naxçıvan, 14 yanvar, imzainfo

Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsidir. Müstəqillik illərində əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi qədim diyarı inkişafının yeni mərhələsinə yüksəldib, həyata keçirilən quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edib. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Naxçıvanlıların fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şərur rayonunun Çərçiboğan kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Kənddə geniş quruculuq işləri aparılıb, yol yenidən qurulub, ümumtəhsil və uşaq-musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib.

2022-ci ildə ilk məktəb binası Çərçiboğan kəndində istifadəyə verilib

Yanvarın 14-də Çərçiboğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 654 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 2 şahmat sinfi, 2 kompüter otağı, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, 3 qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 13 min 396 kitab vardır.

STEAM kabinəsi zəruri öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Xətt izləyən robot” və “Ağıllı parkinq” layihələrini təqdim ediblər.

Müəllim Fəridə Abbasova yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Məktəbdə internetə çıxışı olan 51 kompüter və 5 elektron lövhə quraşdırılıb ki, bu da tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə imkan verir. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan müstəqillik illərində” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Təhsil ocağındakı müasir standartlara cavab verən zəngin təchizatlı kimya, biologiya və fizika laboratoriyaları şagirdlərə nəzəri biliklərini təcrübi əsaslarla öyrənmək və praktikada tətbiq etmək imkanı yaradır. Bu laboratoriyalar tədris prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm rol oynayır.

Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün hərbi kabinədə lazımi şərait yaradılıb, kabinə əyani vəsaitlərlə təmin olunub. Hərbi kabinəyə baxış zamanı bildirilib ki, məktəbin məzunlarından 1-i Azərbaycan Polis Akademiyasında, 1-i Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasında, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyin II kursunda təhsilini davam etdirir.

Ali Məclisin Sədri hərbi peşənin əhəmiyyətini vurğulayıb, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirilməsi barədə tapşırıq verib.

İdman zalındakı müasir şərait və müxtəlif avadanlıqlar, həyətdə açıq idman qurğularının qoyulması bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan verir. Məktəbdə futbol, voleybol və tennis idman klubları yaradılıb.

Şagirdlərin məntiqi düşünmə qabiliyyətinin formalaşmasında və təfəkkürünün inkişafında şahmat əvəzsiz vasitədir. Muxtar respublikada şahmatın tədrisi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Məktəbdə şahmat sinfi yaradılıb və lazımi avadanlıqlarla təmin olunub.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, ötən il Şərur rayon Şəhriyar, Qarabürc, Babək rayon Araz, Göynük, Ordubad rayon 1 nömrəli, Nüsnüs, Əndəmic, Dırnıs və Vələver kənd tam orta məktəbləri istifadəyə verilib. Muxtar respublikanın təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə vardır. Təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb, həmçinin gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına əlavələr edilib. Təhsilə göstərilən qayğının nəticəsidir ki, ötən il Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib, nazirliyin tabeliyində Distant Təhsil Mərkəzi, həmçinin 53 təhsil müəssisəsində STEAM kabinəsi, təhsil müəssisələrində 202 idman klubu yaradılıb. Gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədilə “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Aparılan təhsil quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Çərçiboğan kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılıb. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Məktəbin gənc müəllimi Aygül Kərimova minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin qayğısı ilə kəndimizdə geniş quruculuq işləri aparılıb. Quruculuq ünvanlarından biri də Çərçiboğan kənd tam orta məktəbidir. Məktəbimizdə müasir tədris şəraiti yaradılıb. Bu gün müasir tipli məktəb binasının istifadəyə verilməsi bütün müəllim, şagird və valideynlər üçün böyük hədiyyədir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, universitet və məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”. Ali Məclis Sədrinin də əsəri böyük zəhmət hesabına qurub yaradılan müasir Naxçıvandır. Naxçıvanımız tarixin heç bir dövründə bugünkü qədər gözəl və abad olmayıb. Bu gün məktəblərimizdə ulu öndər Heydər Əliyev yoluna sadiq sağlam gənclik yetişir. Muxtar respublika gəncliyi yaradılan şəraitə görə dövlətimizə minnətdardır. Bizim də borcumuz yaradılanları qorumaq, onlardan səmərəli istifadə etməkdir”. Aygül Kərimova məktəbin pedaqoji kollektivi adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çərçiboğan kənd tam orta məktəbinin tədrisin müasir tələbləri səviyyəsində qurularaq istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, – fikrini xatırladaraq deyib: Azərbaycan 30 ildən artıqdır müstəqil ölkə kimi yaşayır. Müstəqilliyimizin qorunub yaşadılması üçün ölkəmizdə vətənpərvər və təhsilli gənclər yetişdirilməlidir. Bu iş isə məktəblərdə həyata keçirilir. İstifadəyə verilən Çərçiboğan kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub.

Ali Məclisin Sədri deyib: Bu gün yetişən gənclik XXI əsrdə yaşayır. XXI əsr isə yeni texnologiyalar əsridir. Məktəbdə kompüter sinfi, STEAM otağı, laboratoriyalar, kitabxana və başqa müasir tədris avadanlıqları istifadəyə verilir ki, gənclərimiz özlərini XXI əsrin gəncləri kimi hazırlaya bilsinlər. Müəllimlərin vəzifəsi isə Vətəninə, xalqına sədaqətli vətənpərvər gənclər yetişdirməkdən ibarətdir. Bütün bunlar həyata keçirildiyi zaman ölkəmizin müstəqilliyi də uzunömürlü olacaq, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini qoruyub saxlayacaq.

Ali Məclisin Sədri müdriklərin “Bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər sal” fikrini diqqətə çatdıraraq deyib ki, gənclərimizin hazırlanması üçün, ilk növbədə, məktəb və müəllimlər üçün şərait yaradılmalıdır. Çərçiboğan kənd tam orta məktəbindəki şərait imkan verəcəkdir ki, qarşıda duran bu vəzifələr layiqincə yerinə yetirilsin, təhsilli, vətənpərvər gənclər yetişdirilsin. Məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə yaxşı kollektiv formalaşıb. Məktəbin lazımi şəraiti olmadığı vaxtlarda kollektiv işinə məsuliyyətlə yanaşaraq nailiyyətlər qazanıb. Son 5 ildə məktəbin nailiyyətləri 50 faizdən yuxarıdır.

Ali Məclisin Sədri nailiyyətlərə görə kollektivə təşəkkür edib, tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb, stadion təmir edilib.

Çərçiboğan kənd Uşaq Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək

Muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərində yaradılan şərait milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Musiqi məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni binaların tikilməsi istedadlı musiqiçi kadrların yetişdirilməsinə böyük töhfə verir.

Yanvarın 14-də Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 1983-cü ildən fəaliyyət göstərən Çərçiboğan kənd Uşaq Musiqi Məktəbində fortepiano, tar, kamança, nağara, qanun, balaban, qarmon və truba olmaqla, 8 ixtisas üzrə 140 şagirdin təhsili ilə 21 müəllim məşğul olur. 2021-2022-ci tədris ilində məktəbə 29 şagird qəbul olunub. Təhsil müəssisəsində Xor kollektivi, Nəfəsli Alətlər, Xalq Çalğı Alətləri, Nağaraçalanlar ansamblları və uşaqlardan ibarət həvəskar Yallı qrupu fəaliyyət göstərir.

Məktəbin üçmərtəbəli binasında 3 musiqi ədəbiyyatı, 3 solfecio, 3 kamança, 3 nağara, 7 fortepiano, 2 tar, 4 qarmon, 2 nəfəsli alətlər, 1 xanəndə, 1 vokal, 1 qanun, 1 saz, 2 balaban, 2 truba sinifləri, 30 yerlik konsert zalı, direktor, müəllimlər, alət təmiri otaqları, kitabxana, arxiv, bufet, qarderob və təsərrüfat otağı vardır.

Ali Məclisin Sədri musiqi məktəbinin kollektivi ilə görüşüb.

Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin müəllimi Pərvin İsmayılov minnətdarlıq edərək deyib: “Muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da daim diqqət və qayğı göstərilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Yeniyetmə və gənclərin istedadlarının və yaradıcılıq potensiallarının üzə çıxarılmasında uşaq musiqi məktəblərinin rolu böyükdür. Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbi üçün müasir binanın inşa olunması kollektivimizin sevincinə səbəb olub. Məktəbdə yaradılan şərait dərslərin yüksək səviyyədə tədrisinə, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Əmin edirik ki, kollektivimiz göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc musiqiçi kadrların yetişdirilməsi üçün səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə etməklə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi vardır. Bunlardan 22-si müasir şəraiti olan yeni binalarla təmin olunub. Hazırda muxtar respublikanın musiqi məktəblərində 4700-dən artıq şagird təhsil alır. Bu musiqi məktəbi də 1983-cü ildən fəaliyyət göstərir. Ötən dövrdə məktəbin nailiyyətləri olub, nəfəsli alətlər və uşaq yallı ansamblları muxtar respublikanın bir çox tədbirlərində iştirak edib. Məktəbdə 8 ixtisas tədris olunur və hər ixtisas üzrə müəllimlər formalaşıb. Bu da imkan verir ki, məktəbdə təhsil alan gənclərimiz milli musiqimizi yaşada bilsinlər.

Ali Məclisin Sədri deyib: Məktəbdə milli musiqi ilə yanaşı, dünyəvi musiqi də öyrədilməlidir. Ona görə də məktəbdə yeni ixtisasların açılmasına, Avropa musiqi alətlərinin tədrisinə diqqət yetirilməlidir. Bu gün muxtar respublikamızda bir sıra orkestrlər və ansambllar fəaliyyət göstərir. Həmin musiqi kollektivlərinin repertuarlarında milli musiqimizlə bərabər, dünya musiqi nümunələri də vardır. Musiqi təhsili gərək pilləli olsun, musiqi məktəblərində oxuyan gənclər daha sonra orta ixtisas və ali təhsil alsınlar. Muxtar respublikada hər üç təhsil pilləsi üzrə imkanlar vardır. Uşaq musiqi məktəbləri, Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi fəaliyyət göstərir. Ötən il Ali Məclis Sədrinin Sərəncamı ilə Musiqi Kolleci Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilmişdir. Artıq təhsil ardıcıllığı təmin olunmuşdur. Kolleci yaxşı qiymətlərlə başa vurmuş tələbələr imtahansız İncəsənət fakültəsinə qəbul olunurlar. Qarşıda duran əsas vəzifə uşaq musiqi məktəblərində tədrisin səviyyəsini yüksəltmək və musiqi təhsili sahəsində ardıcıllığı təmin etməkdir.

“Musiqi duyumu istedad tələb edir. Hər yaxşı oxuyan musiqiçi ola bilməz”, – deyən Ali Məclisin Sədri bildirib ki, musiqi duyumu olan gənclər seçilməli, onlarla xüsusi məşğul olunmalı, müəllimlər vəzifələrini layiqincə yerinə yetirməlidirlər.

Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Bina fərdi istilik sistemi ilə təchiz edilib, ətraf abadlaşdırılıb.

Çərçiboğan kənd mərkəzində hərtərəfli şərait yaradılıb

Yanvarın 14-də Çərçiboğan kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 6141 kitab vardır. Rabitə evində 672 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Hazırda kənddə 255 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 339 üzvü vardır ki, onlardan da 78-i gənc, 61-i isə qadındır. Ərazi ilk təşkilatının sədri Minayə Nəbiyeva partiya üzvləri və kənd ictimaiyyəti adından minnətdarlıq edərək deyib: Bu gün Çərçiboğan kəndində əhalinin rahatlığına xidmət edəcək yeni sosial obyektlər istifadəyə verilir. Bütün bunlar isə hakim partiya olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində mümkün olub. Belə ki, partiyamızın qurucusu ümummilli liderimiz Heydər Əliyev deyib: “Mən həyatımda üç şeyə arxalanmışam: Yaradanıma, xalqıma və zəhmətimə”. Həqiqətən də Ümummilli Liderimiz bütün həyatıboyu Yaradanına inanaraq zəhməti ilə xalqına xidmət edib. Uzun müddətdir ki, şahidi oluruq ki, Siz Heydər Əliyev ideologiyasını davam etdirirsiniz. İllərdir yorulmadan xalqınıza xidmət edirsiniz. Həm xalqınıza bağlılığınızdan dolayı, həm də kəndimizə bəxş etdiyiniz bu sevinc hissinə görə partiya təşkilatımız adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Qeyd olunub ki, Çərçiboğan kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür.

Sonra iclas zalında sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çərçiboğan kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Çərçiboğan kəndində yaradılan şərait bir kəndin timsalında ölkəmizdəki dövlət-xalq birliyinin göstəricisidir. Dövlətin insanlara göstərdiyi qayğının nümunəsidir. Eyni zamanda, görülən işlər sakinlərin rahat yaşamasına hesablanmışdır. Əgər kənddə şərait varsa, insanların rahatlığı təmin olunubsa, onların işləməsi, fəaliyyət göstərməsi üçün lazımi şərait varsa, o kənddə inkişaf olacaq, məskunlaşma artacaqdır. Həyata keçirilən tədbirlər imkan verəcək ki, kənd bundan sonra da inkişaf etsin, daha da abadlaşsın, torpaqlar əkilsin, insanların yaşayış şəraiti daha da yaxşılaşsın. Əgər bir ölkədə sabitlik varsa, o ölkə inkişaf edəcəkdir, orada insanlar rahat yaşayacaq, insanların rifah halı yaxşılaşacaqdır. Azərbaycan 30 ildir müstəqil yaşayaraq inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bütün bunlara dövlət-xalq birliyi və ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunub. Ümummilli liderimiz Heydər Əliyev yolunun bəhrəsi də yaradılan bu şəraitdir.

Kənd ağsaqqalı İbrahim İbrahimov sakinlər adından minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin gəlişi muxtar respublikanın hər yerində olduğu kimi, bizim kəndimizdə də böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Muxtar respublikanın hər yerində quruculuq işləri sürətlə aparılır və qədim diyar gündən-günə gözəlləşir. Naxçıvanın hər yerində yeni tipli məktəb binalarının salınması gənc nəslin elmli, savadlı olmasına və dünyagörüşünün formalaşmasına böyük təsir edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzlərinin, musiqi məktəbinin, həkim ambulatoriyasının və yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri arasında böyük sevinclə qarşılanır. Əvvəlcə rayona gedib-gəlmək çətin idi. Kənd sakinləri çox əziyyət çəkirdi. İndi isə yollarımız abadlaşıb, kəndin küçələri asfalt döşəmə ilə örtülüb, telefon, internet, qaz və elektrik xətləri yenilənib. Bir sözlə, kəndimiz öz simasını tamamilə dəyişərək şəhər görkəmi alıb. Çərçiboğan kəndinin insanları çox zəhmətkeş, torpağa bağlıdırlar. Sakinlər əkinçilik, maldarlıq və arıçılıqla məşğul olurlar. Əldə etdikləri məhsulları həm bazara, həm də keçirilən festival və yarmarkalara çıxararaq yaxşı qazanc əldə edirlər. Biz də söz veririk ki, bundan sonra da təsərrüfatlarımızı genişləndirəcək, torpaqlarımızı əkib-becərəcək, kənd təsərrüfatının inkişaf etdirilməsində əlimizdən gələni əsirgəməyəcəyik. Söz veririk ki, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyacaq və gələcək nəsillərə ötürəcəyik”.

İbrahim İbrahimov Ali Məclisin Sədrini doğum günü münasibətilə rayon sakinləri adından təbrik edib.

Çərçiboğan kənd avtomobil yolu yenidən qurulub

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Çərçiboğan kəndinin avtomobil yolu da yenidən qurulub.

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi uzunluğu 15,8 kilometr olan yola asfalt örtük salınıb, 5,8 kilometr kənddaxili yollara qum-çınqıl qatı verilib. Yolun üzərində 3,4 kilometr beton su kanalı çəkilib, 53 metal boru, 13 beton su keçidi qoyulub.

Həkim ambulatoriyasında müasir səhiyyə xidməti göstəriləcək

Ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətinin davamlı olaraq gücləndirilməsi dövlət siyasətinin prioritetlərindədir. Muxtar respublikada da səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqətdə saxlanılır.

Yanvarın 14-də Çərçiboğan kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli həkim ambulatoriyası 14 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloq, palata, mama-ginekoloq və doğuş, manipulyasiya, fizioterapiya, peyvənd, laboratoriya, qeydiyyat, aptek, feldşer, tibb bacısı, texniki işçilər və qazanxana üçün otaqlar vardır. Tibb ocağı stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, fizioterapevtik kabinə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası ilə təmin edilib.

Ambulatoriyanın baş həkimi Həsən Həsənli kənddə tibbi xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “Mən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirmişəm. Bu gün bu məsuliyyətli işin layiqincə öhdəsindən gələcəyimizə və kənd əhalisinin sağlamlığının qeydinə qalacağımıza söz veririk. Bir gənc həkim olaraq bunu da qeyd etməliyəm ki, bu gün muxtar respublikada mənim kimi gənc məzunlar müraciət etdikləri müəssisələrdə asanlıqla işlə təmin oluna bilirlərsə, bu, Ali Məclis Sədrinin gənclərə göstərdiyi qayğının və etimadın göstəricisidir”.

Ali Məclisin Sədri sakinlərin, xüsusilə uşaqların sağlamlığına və peşə hazırlığına diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Çərçiboğanda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Çərçiboğan kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq, sənaye və təsərrüfat malları mağazaları və 3 anbar vardır. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 9 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına, yerli məhsullara üstünlük verilməsi barədə tapşırıqlar verib.

* * *

Çərçiboğan kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 1130 metr fiber-optik, 5100 metr yeraltı kabel, 10 kilometrdən artıq hava rabitə xətti çəkilib. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 52 ağac dayaq basdırılıb, 9400 metr məsafədə məftil naqillər müxtəlif en kəsikli kabel xətti ilə, 5400 metr yararsız məftil naqillər yenisi ilə əvəz edilib, 3 transformator yarımstansiyasında cari, 10 transformator yarımstansiyasında əsaslı təmir işləri aparılıb. Bundan başqa, 620 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 15 min 941 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri görülüb. Eyni zamanda kənddə mövcud içməli su xəttinin 550 metrlik hissəsində təmir-bərpa işləri aparılıb, 150 metr yeni içməli su xətti çəkilib, 4,7 kilometr arxlarda lildən təmizləmə işləri görülüb, kanal üzərində yeni subölüşdürücü qapı quraşdırılıb.

Paylaş