Sahil Babayev: İlin axırınadək nazirliyin elektron platformalarında vətəndaşlara 200 milyondan çox xidmət göstəriləcək

Bakı, 20 iyun, İMZAİNFO
Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron platformaları üzərindən 56 milyon xidmət göstərilib və həmin xidmətin şəbəkəsi ildən-ilə genişlənir.
İMZAİNFO xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bunu Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda deyib.
Onun verdiyi məlumata görə, hazırda nazirliyin 110 xidməti elektron platforma üzərindən həyata keçirilir: “Bu ilin birinci rübündə nazirliyin elektron xidmətlərindən istifadə sayı 65 milyonu ötüb. Bu proqram çərçivəsində elektronlaşmanın daha da genişləndirilməsi, əmək müqavilələrinin tam elektron platforma üzərindən idarə edilməsi, elektron-əmək kargüzarlığının yaradılması, eyni zamanda məşğulluq xəritəsi, məşğulluq reyestri, məşğulluq altsisteminin daha da inkişaf etdirilməsi kimi məsələləri də əhatə edəcək. Bu ilin axırına qədər nazirliyin elektron platformada göstərdiyi xidmətlərin sayı 160-a çatacaq, Ümumilikdə isə il ərzində vətəndaşlara 200 milyondan çox xidmət göstəriləcək”.
Paylaş