Sahil Babayev: Ötən ilyarımda103 min müharibə iştirakçısı, müharibə əlili və şəhid ailəsinə 190 min xidmət göstərilib

Bakı, 20 iyun, İMZAİNFO
Ötən il yarım ərzində 103 min müharibə iştirakçısı, müharibə əlili və şəhid ailəsinə 190 min xidmət göstərilib. Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib, sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən iki dəfə çoxdur. Onlardan 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı və onlara göstərdiyi dəstək genişdir və həmin tədbirlər davam edəcək.
İMZAİNFO xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib.
Nazirin dediyinə görə, şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana xəttidir: “Azərbaycan Milli Ordusu 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad etdikdən sonra qəbul edilən əksər qərarlar məhz onların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi 60 faizdən çox artırılıb. İkincisi, onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edilib. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri əksər qazilərin evlərini ziyarət edərək, imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazini xəstxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndiriblər”.
Paylaş